Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.06.2026 09:43
  • A-
  • A
  • A+

Geologiya İnstitutunun əməkdaşı Lüksemburq Universitetində seminar reallaşdırıb

Geologiya İnstitutunun əməkdaşı Lüksemburq Universitetində seminar reallaşdırıb

ETN Geologiya İnstitutu Müasir geodinamika və kosmik geodeziya şöbəsinin aparıcı elmi işçisi Bəhruz Əhədov Lüksemburq Universitetində “Yer səthindəki dəyişikliklərin peyk texnologiyası ilə monitorinqi: InSAR texnologiyasının zəlzələlərin, palçıq vulkanlarının və digər geotəhlükələrin öyrənməsində tətbiqi” adlı seminar reallaşdırıb.

Tədbiri Lüksemburq Universitetinin "Təhlükəsizlik, etibarlılıq və etimad üzrə fənlərarası mərkəzi" (“Interdisciplinary Center for Security, Reliability and Trust”) təşkil edib.

Seminarda InSAR texnologiyasının əsas prinsipləri və onun zəlzələlərin, palçıq vulkanlarının və digər geotəhlükələrin tədqiqində tətbiqləri təqdim edilib. Tədqiqatlar əsasında peyk müşahidələrinin sahil dinamikası, zəlzələ zamanı və zəlzələdən sonrakı deformasiya proseslərinin xarakterizə edilməsinə, palçıq vulkan sistemləri ilə əlaqəli Yer səthi hərəkətlərinin aşkar olunmasına, həmçinin tektonik fəaliyyət, flüid miqrasiyası və səth deformasiyası arasındakı əlaqələrin daha dərindən anlaşılmasına   imkan yaratmaq imkanları qabardılıb.

Böyük maraq doğurmuş tədbirdə həmçinin peyk geodeziyasının təhlükələrin qiymətləndirilməsi, Yer sistemi üzrə tədqiqatlarda getdikcə artan rolu müzakirə edilib və sonda çoxsaylı suallar cavablandırılıb.

Bildirək ki, Bəhruz Əhədov doktorluq elmi dərəcəsini Çin Elmlər Akademiyası Universitetində (Şanxay Astronomiya Rəsədxanası) alıb, burada kosmik geodeziya üsullarından istifadə etməklə Yer qabığının deformasiyası və geodinamik prosesləri tədqiq edib. Eləcə də NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında (JPL) qonaq postdoktoral tədqiqatçı kimi fəaliyyət göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: