Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.06.2026 10:15
  • A-
  • A
  • A+

AMEA-nın Gənclər Akademiyasının 6 aylıq fəaliyyəti müzakirə olunub

AMEA-nın Gənclər Akademiyasının 6 aylıq fəaliyyəti müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər Akademiyasının 2026-cı ilin ilk yarısında həyata keçirdiyi fəaliyyətə həsr olunmuş geniş hesabat tədbiri keçirilib.

Tədbirdə AMEA-nın Gənclər Akademiyası və AMEA-nın elmi müəssisələrində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər şuralarının nümayəndələri iştirak edib.

Açılış nitqi ilə AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri çıxış edib və gənc alimlərin elmi fəaliyyətinin koordinasiyası, innovativ təşəbbüslərin dəstəklənməsi və elmi inteqrasiyanın genişləndirilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirib.

Tədbirdə AMEA-nın Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa Əliyeva “AMEA Gənclər Akademiyasının 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib və Akademiyanın yaradılması, təşkilati strukturu, əsas fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Məruzədə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə yaradılan Gənclər Akademiyasının qısa müddət ərzində gənc tədqiqatçıların elmi fəaliyyətinin əlaqələndirilməsi, elmi kommunikasiya mühitinin gücləndirilməsi və beynəlxalq elmi şəbəkələrə inteqrasiyası istiqamətində mühüm nəticələr əldə etdiyi qeyd olunub. Hesabat dövründə konfranslar, ustad dərsləri, elmi seminarlar və dövlət əhəmiyyətli günlərə həsr olunmuş tədbirlərin təşkil edildiyi bildirilib.

Daha sonra AMEA-nın elmi müəssisələrində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri çıxış edib və rəhbərlik etdikləri institutlarda son altı ay ərzində görülən işlər, həyata keçirilən layihələr və elmi tədbirlər barədə hesabat xarakterli məlumatlar təqdim ediblər. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə institutda elmi fəaliyyətin təşkili və gənc tədqiqatçıların iştirakı ilə həyata keçirilən tədbirlər barədə məlumat danışıb. Memarlıq və İncəsənət İnstitutunun GAMŞ sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlləz Əhmədov yaradıcı sahələrdə gənclərin elmi fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işləri təqdim edib. Nəsimi adına Dilçilik İnstitutunun təmsilçisi Xəyal Əsgərli dilçilik sahəsində aparılan tədqiqatlar və gənc alimlərin iştirakı ilə keçirilmiş elmi müzakirələr barədə məlumat verib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun sədri Günel Şakirli əlyazma irsinin tədqiqi, Folklor İnstitutunun GAMŞ sədri Cəmilə Novruzova folklor nümunələrinin toplanması və tədqiqi istiqamətində həyata keçirilən layihələr barədə çıxış edib.

Arxeologiya və Antropologiya İnstitutunun nümayəndəsi Mircavid Ağalarov arxeoloji tədqiqatlar və ekspedisiyaların nəticələri barədə məlumat verib. Fəlsəfə və Sosiologiya İnstitutunun nümayəndəsi Nərgiz Zeynallı sosial elmlər sahəsində aparılan araşdırmalar və elmi müzakirələr barədə hesabat təqdim edib. A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun nümayəndəsi Ayxan Mehdizadə tarixi tədqiqatlar və elmi layihələrin icrası barədə danışıb. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nümayəndəsi Nazim Mənsimov şərqşünaslıq sahəsində aparılan araşdırmalar və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işləri təqdim edib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndəsi Afaq Səmədzadə seysmoloji müşahidələr və elmi tədqiqatlar sahəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Mərkəzi Elmi Kitabxananın nümayəndəsi Cavid Məmmədli elmi informasiya təminatı və rəqəmsal resursların inkişafı istiqamətində görülən işləri təqdim edib.

Müzakirələr zamanı gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması, beynəlxalq elmi mühitə inteqrasiyanın genişləndirilməsi, elmi kommunikasiya və innovasiya sahəsində yeni təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda AMEA-nın Gənclər Akademiyasının sədri Elmir Babayev və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri çıxış edərək qarşıdakı dövr üçün prioritet istiqamətlər barədə məlumat verib və gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsinin AMEA-nın əsas strateji hədəflərindən biri olduğu vurğulanıb.

Qeyd olunub ki, AMEA-nın Gənclər Akademiyası bundan sonra da elmi gəncliyin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Azərbaycan elminin gələcək inkişafına töhfə verəcək layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: