AMEA-nın Rəyasət Heyətinin 13 mart 2023-cü il tarixli qərarı ilə yaradılmış “AMEA-da ekspedisiyaların təşkili üzrə komissiya”nın üzvləri Qəbələ rayonunda çöl şəraitində aparılan elmi ekspedisiyaların işini bilavasitə ərazidə müşahidə etmək və işin müasir tələblər səviyyəsində təşkilinin həlli istiqamətində zəruri məsələlərin müzakirəsi və metodiki köməklik göstərilməsi məqsədilə Qəbələ rayonunda səfərdə olub.
Səfər zamanı Qəbələ Arxeoloji Mərkəzində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun nümayəndələri ilə görüş keçirilib və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Komissiyanın üzvləri Qəbələ Arxeoloji Mərkəzinin sərgi zalı (muzey), bərpa laboratoriyası, konfrans zalı, kitabxanası ilə tanış olublar. Qəbələ Arxeoloji Mərkəzinin sərgi zalında Qəbələ Arxeoloji Ekspedisiyasının tapıntılarından ibarət kolleksiya komissiya üzvlərinin böyük marağına səbəb olub. Mərkəzin kitabxanasında Qəbələ tarixindən bəhs edən kitab kolleksiyası ilə tanışlıqdan sonra komissiya üzvləri xatirə kitabına ürək sözlərini yazıblar.
Səfər zamanı komissiya üzvləri Qəbələ şəhərinin qədim və orta əsrlər şəhər mərkəzinin əraziləri və burada aparılmış qazıntılarının nəticələri ilə tanış olublar. Antik ərazi, Səlbir ərazisi, Qala ərazisini ziyarət edən komissiya üzvləri ölkə əhəmiyyətli arxeoloji abidə olan Kilsədağ məbədində aparılan qazıntı işləri ilə tanış olub və ekspedisiya üzvlərinin gördüyü işləri yaxından müşahidə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.