AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində “Prospects for the development of science in Western Azerbaijan” (“Qərbi Azərbaycanda elmin inkişafı perspektivləri”) mövzusunda məruzə ilə çıxış edərək, Qərbi Azərbaycanda təhsilin və elmi mühitin formalaşmasında fundamental rol oynamış klassik mədrəsələrdən müasir dünyəvi akademiyalara qədər olan yoldan və tarixən İrəvan xanlığı da daxil olmaqla, bu bölgənin Azərbaycan ziyalılarının, təhsil və nəşriyyat fəaliyyətlərinin mühüm mərkəzi olduğundan bəhs edib.
Məruzəçi görkəmli Qərbi azərbaycanlı alimlər – tarixi şəxsiyyətlər Ayətullah Molla Məhəmməd bin Məhəmməd Bağır İrəvani-Həcəfi, Ayətullah Seyyid Əbdülməcid İrəvani, Ayətullah Seyyid Əli İrəvani, Ayətullah Mirzə Əbdülhüseyn İrəvani, Hacı Mirzə Əliağa İrəvani, Mirzə Fəzləli Ağa, Mirzə Əbdülkərim İrəvani, həmçinin son əsrlərdə yaşayıb-yaradan akademiklər Mustafa Topçubaşov, Zərifə Əliyeva, Cəmil Əliyev, Cəlal Əliyev, Əhliman Əmiraslanov, professorlar Əziz Əliyev, Afad Qurbanov, Əsgər Əliyev və b. haqqında məlumat verib.
B.e.d. T.Qasımzadə elmi tədqiqatların və akademik inkişafın əsas sahələrinin, Qərbi Azərbaycanda elmin inkişafı, regionun tarixi və mədəni irsinin öyrənilməsi, eləcə də müasir elmi tədqiqatların əlaqələndirilməsinin zərurətini vurğulayıb, akademik və ictimai dairələrdə tarixi və humanitar tədqiqatlarla yanaşı, molekulyar biologiya üzrə araşdırmaların və genetik təyinatların aparılmasının vacibliyini qeyd edib, bu gün müasir Azərbaycanın bir sıra akademik qurumlarının (xüsusən də Azərbaycan Milli Elmlər Akademiyasının) sözügedən bölgədəki Azərbaycan alimlərinin zəngin tarixi və mədəni irsini təsdiqləyən materialları fəal şəkildə araşdırdığını, maddi və mədəni irsin, toponimiyanın və Qərbi Azərbaycanın elmi və ictimai həyatında Azərbaycan mütəfəkkirlərinin rolunun təbliğinə yönəldilmiş tədqiqatlar apardığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.