AMEA Naxçıvan Bölməsində Möminə xatun türbəsinin dam örtüyünün quruluşu ilə bağlı müzakirə aparılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə xatun türbəsinin bərpa və konservasiyası istiqamətində görülmüş işlərdən bəhs edib.
Qeyd olunub ki, Prezident İlham Əliyev ötən il mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Möminə xatun türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib. Müqaviləyə əsasən, ötən il Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin işçi heyəti Naxçıvana gəlib və abidənin ətrafında ilkin infrastrukturun qurulması işlərinə başlanılıb.
Görüşdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Möminə xatun türbəsinin milli tariximiz və memarlığımız üçün müstəsna əhəmiyyətindən danışıb. Akademik bərpa prosesində abidənin tarixiliyinin qorunub saxlanılmasının və onun ilkin formasına uyğun bərpa edilməsinin vacibliyini xüsusi diqqətə çatdıraraq, gələcəkdə görüləcək işlərlə bağlı təkliflərini səsləndirib.
Layihəni icra edən “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri və təsisçisi, alman mütəxəssis Erix Pumer də görülən işlər barədə məlumat verib. Möminə Xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı hazırladıqları layihəni təqdim edib. Qeyd edib ki, Möminə xatun türbəsinin bərpası və konservasiyası layihəsi olduqca əhatəli hazırlanıb. Bununla belə, abidənin beynəlxalq restavrasiya standartlarına tam uyğunluğunu təmin etməyin və onun tarixi orijinallığını qorumağın vacibliyini vurğulayıb.
Görüşdə AMEA Naxçıvan Bölməsi əməkdaşları mövzu ilə bağlı fikirlər səsləndirib, abidənin bərpası və konservasiyası ilə bağlı müxtəlif illərə aid tarixi nümunələr və arxiv sənədləri əsasında hazırlanmış təkliflər irəli sürülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.