Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2026 14:40
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin elmi katibi “Biznes Liderləri Zirvəsi 2026”da iştirak edib

AMEA Rəyasət Heyətinin elmi katibi “Biznes Liderləri Zirvəsi 2026”da iştirak edib

23 iyun 2026-cı il tarixində The Ritz-Carlton Baku hotelində keçirilən “Biznes Liderləri Zirvəsi 2026”da AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov iştirak edib.

“Qarada Qırmızı” konsepti əsasında təşkil olunan Zirvə ölkənin aparıcı şirkətlərinin rəhbərlərini, top menecerləri, sahibkarları, investorları və müxtəlif sahələrin qərarverici şəxslərini bir araya gətirib. Tədbirin məqsədi müasir biznes idarəçiliyi, liderlik, strateji inkişaf, korporativ transformasiya, innovasiya və dəyişən biznes mühitində dayanıqlı inkişaf məsələləri üzrə fikir mübadiləsinin aparılması, eləcə də yeni əməkdaşlıq imkanlarının təşviqi olub.

Zirvə çərçivəsində liderlik strategiyaları, korporativ idarəetmə, süni intellektin biznesə təsiri, bazar davranışlarında baş verən dəyişikliklər, insan resurslarının inkişafı, şəxsi və korporativ brendinq, habelə gələcəyin biznes modelləri kimi aktual mövzular müzakirə edilib. Yerli və xarici ekspertlər, biznes liderləri və sahibkarlar müasir çağırışlar, inkişaf perspektivləri və uğurlu təcrübələr barədə fikirlərini bölüşüblər.

Tədbirdə iştirak edən AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov iştirakçıların məruzəçilərə sual və təkliflərini onlayn şəkildə ünvanlamasına imkan verən xüsusi platformadan istifadə edərək süni intellektdən istifadə mədəniyyəti və bu texnologiyanın insan kapitalına təsiri ilə bağlı fikirlərini bölüşüb.

O qeyd edib ki, süni intellektin sürətli inkişafı və həyatın bütün sahələrinə nüfuz etməsi insan kapitalının gələcəyi ilə bağlı yeni yanaşmaların formalaşdırılmasını zəruri edir. Bu baxımdan əsas məsələlərdən biri texnoloji tərəqqi ilə insan potensialının inkişafı arasında optimal tarazlığın müəyyən edilməsidir.

Coşqun Məmmədov məruzəçilərə ünvanladığı sualda vurğulayıb ki, süni intellekt dövründə biznes və cəmiyyət qarşısında duran əsas suallardan biri investisiyaların prioritet istiqamətinin müəyyən edilməsidir: əsas diqqət texnologiyalara yönəldilməlidir, yoxsa insan kapitalına? Onun fikrincə, mühüm məsələ süni intellektin insanın inkişafını ləngidən rəqibə deyil, yaradıcılığını, bilik və bacarıqlarını gücləndirən etibarlı tərəfdaşa çevrilməsini təmin edən strategiyaların formalaşdırılmasıdır.

Alim bildirib ki, süni intellektdən istifadənin məqsədi hazır nəticə əldə etmək deyil, insanın öz intellektual fəaliyyətinin məhsulu olan mətnlərin, tədqiqatların və ideyaların daha da təkmilləşdirilməsi olmalıdır. Onun sözlərinə görə, süni intellektdən korrektor, redaktor, məsləhətçi və öyrədici vasitə kimi istifadə edilməsi fərdin bilik potensialının inkişafına, analitik təfəkkürünün güclənməsinə və davamlı öyrənmə prosesinin təşviqinə xidmət edir.

Coşqun Məmmədov eyni zamanda diqqətə çatdırıb ki, süni intellektdən yalnız hazır cavab və ya məhsul əldə etmək məqsədilə istifadə olunması insanın yaradıcı düşünmə, tənqidi təhlil və müstəqil qərarvermə bacarıqlarının zəifləməsinə səbəb ola bilər. Bu səbəbdən biznes və təhsil mühitində süni intellekt insan amilini əvəz edən deyil, onun potensialını artıran və fəaliyyətinin səmərəliliyini yüksəldən alət kimi qiymətləndirilməlidir.

Çıxışının sonunda alim süni intellekt texnologiyalarının tətbiqi şəraitində innovativ inkişafla insanın yaradıcılıq potensialının qorunması arasında tarazlığın təmin edilməsinə xidmət edən mexanizmlərin formalaşdırılması problemini elmi və praktik müzakirə predmeti kimi məruzəçilərin və iştirakçıların diqqətinə çatdırıb.

Səsləndirilən fikirlər tədbirin əsas müzakirə mövzularından biri olan insan–texnologiya münasibətlərinə dair aktual yanaşmanı əks etdirməklə yanaşı, süni intellektin inkişafında insan amilinin prioritetliyinin qorunmasının vacibliyini bir daha ön plana çıxarıb.

AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun Zirvədə iştirakı elm və biznes arasında əməkdaşlığın genişləndirilməsi, innovativ idarəetmə yanaşmalarının təşviqi və ölkədə dayanıqlı iqtisadi inkişafla bağlı müzakirələrə töhfə verməsi baxımından əhəmiyyətli olub.

Qeyd edək ki, “Biznes Liderləri Zirvəsi 2026” liderlik, innovasiya və strateji inkişaf məsələlərinin müzakirə olunduğu, ölkənin biznes ictimaiyyətini bir araya gətirən nüfuzlu platformalardan biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: