Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.06.2026 17:03
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Avropanın nüfuzlu jurnalında dərc edilib

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Avropanın nüfuzlu jurnalında dərc edilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun gənc tədqiqatçısı, Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin elmi işçisi Nigar Ramazanovanın müəllifi olduğu “XIX-XX əsrlərdə Azərbaycan memarlıq irsində Alman memarlıq ənənələrinin təşəkkülü və inkişaf xüsusiyyətləri” adlı məqalə Polşanın nüfuzlu beynəlxalq elmi jurnalında çap olunub.

Məqalədə XIX əsrdə Almaniyanın Vürtemberq bölgəsindən Azərbaycanın qərb ərazilərinə köç etmiş alman icmalarının fəaliyyəti və sonrakı dövrlərdə alman memarlarının ölkənin memarlıq mühitinə verdiyi töhfələr araşdırılır.

Azərbaycanın Qərb bölgələrində - xüsusilə Gəncə, Gədəbəy və Şəmkir ərazilərində formalaşan alman memarlıq irsi regional xüsusiyyətləri, iqlim amilləri və yerli memarlıq ənənələri ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir. Tədqiqat çərçivəsində Siemens qardaşlarının 1879-1883-cü illərdə Gədəbəydə inşa etdirdiyi sənaye və yaşayış binaları, eləcə də körpülərin memarlıq-mühəndislik xüsusiyyətləri xüsusi vurğulanır. Araşdırmada Göygölün (Helenendorf) alman yaşayış məntəqəsi kimi formalaşması və onun planlaşdırma prinsiplərinin yerli memarlıq mühitinə təsiri də diqqət mərkəzinə alınır.

Bununla yanaşı, alman mənşəli memarlar Nikolay Avqustoviç fon der Nonne, İvan Vasilieviç Edel və Adolf Eyxlerin Bakı memarlığının inkişafında oynadığı roldan danışılır. Onların layihələrində Avropa memarlıq üslubları ilə Şərq memarlıq elementlərinin sintezi Azərbaycan memarlıq irsinin çoxşaxəli xarakter qazanmasına səbəb olub. Xüsusilə Adolf Eyxlerin fəaliyyəti Azərbaycan memarlıq tarixində mühüm mərhələ kimi qiymətləndirilib. Məhz onun layihələri vasitəsilə Bakı memarlıq mühitində qotik üslub elementləri geniş şəkildə tətbiq edilib. Nikolay Avqustoviç fon der Nonnenin şəhərsalma layihələri isə Bakının ənənəvi müsəlman şəhər quruluşundan Avropa tipli şəhər modelinə keçid prosesində mühüm rol oynayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: