AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri sənətşünaslıq doktoru, professor İradə Köçərli AR Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş “Milli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” layihəsinin yekun müzakirə iclasında iştirak edib.
Professor İradə Köçərli “Xalq çalğı alətlərinin standartlarının hazırlanması” komissiyasının üzvü olaraq Mədəniyyət Nazirliyinin keçirdiyi bütün iclaslarda, o cümlədən, yekun iclasına qatılıb.
“Milli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının elmi-tədqiqat işləri əsasında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb.
İclasda “Milli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” layihəsi yekdilliklə qəbul edilib. Qeyd edək ki, iki ilə yaxın bir müddətdə layihə üzərində müzakirələr aparılıb, təkliflər irəli sürülüb. İlk dəfə olaraq, kamança və kamança ailəsinə aid olan alətlərin standartları müəyyən edilib.
Yekun iclasda professor İradə Köçərli qeyd edib ki, layihə çox böyük mədəni-ictimai əhəmiyyətə malikdir. Layihə gərgin elmi-tədqiqatların (dəqiq təhlillər, hesablamalar və s.) və böyük zəhmətin mühüm nəticəsidir. Bununla bağlı musiqişünas alim layihəyə öz münasibətini bidirərək belə bir mühüm təşəbbüslə çıxış edən AR Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Konservatoriyasının elmi-tədqiqat laboratoriyasına – M.Məmmədova, L.Hüseynovaya, əməyi keçən hər bir kəsə, AR MN İncəsənət siyasəti şöbəsinin aparıcı məsləhətçisi İlahə Dəmirliyə öz dərin təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.