Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.07.2026 15:45
  • A-
  • A
  • A+

AMEA-da VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda beynəlxalq elmi simpozium keçirilir

AMEA-da VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda beynəlxalq elmi simpozium keçirilir

AMEA-nın Folklor İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumu öz işinə başlayıb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, kitabxanadakı büstü önünə gül dəstələri düzülüb.

Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu mötəbər elmi toplantının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın icrasından irəli gələrək “Türk Dünyası Həftəsi” çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb. Alim simpoziumun həm tarixi məsuliyyət, həm də müasir elmi çağırışlar baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli Azərbaycanda türkologiya elminin formalaşma və inkişaf yoluna nəzər salaraq qeyd edib ki, ölkəmiz bu sahədə zəngin elmi ənənələrə malikdir. Xüsusilə sovet dövründə Azərbaycan türkologiya elminin inkişafında bir sıra istiqamətlər üzrə öncül mövqedə olub. Türk dövlətləri arasında ilk Türkologiya kafedrasının 1969-cu ildə Bakıda yaradılması bu elmi mühitin gücünün bariz göstəricisidir. Əlavə edib ki, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan alimlərinin ana dili və milli-mədəni irslə bağlı çoxcildli elmi əsərlərinin dövlət mükafatları ilə təltif olunmasına göstərdiyi dəstək türkologiyanın institusional inkişafına mühüm töhfə verib.

Azərbaycanda türkologiya elminin müstəqillik illərində də ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyini deyən AMEA rəhbəri diqqətə çatdırıb ki, 100 il əvvəl keçirilmiş Birinci Türkoloji Qurultayda dünyanın 26 ölkəsindən 131 nümayəndə iştirak etmişdisə, bu gün yubiley tədbirləri çərçivəsində təşkil olunan konqres və simpoziumlarda 26 ölkədən 200-dən artıq tanınmış türkoloq-alim və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Akademiya prezidenti Birinci Türkoloji Qurultayın ən böyük tarixi xidmətlərindən birinin “türkologiya” anlayışının elmi dövriyyəyə gətirilməsi olduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, məhz bu qurultay türkologiya elminin sistemli əsaslarını formalaşdıraraq tarix, coğrafiya, sənətşünaslıq, ədəbiyyat, folklorşünaslıq və etnoqrafiyanı müstəqil elmi istiqamətlər kimi müəyyən edib.

Alim türk dövlətləri ilə tarixi, mədəni və elmi əlaqələrin dərinləşdirilməsi istiqamətində dövlət siyasəti çərçivəsində AMEA-da görülən tədbirləri diqqətə çatdırıb Bildirib ki, bu məqsədlə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi, Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb, digər institutlarda da türkologiyanın müxtəlif aspektləri üzrə tədqiqatlar aparılıb, beynəlxalq konfrans və simpoziumlar təşkil edilib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən bu mötəbər tədbirlər elmi ictimaiyyət üçün bir bayram, türkologiya elminin təntənəsi kimi qəbul olunur və bu kimi tədbirlər sahənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm platforma rolunu oynayır. AMEA rəhbəri bugünkü simpoziumun türkoloji folklorşünaslıq anlayışının elmi mahiyyətinin, nəzəri əsaslarının və praktik tətbiq imkanlarının dərindən öyrənilməsi baxımından son dərəcə aktual və əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyasının İdarə Heyətinin sədri Öcal Oğuz türkologiyanın yalnız elm sahəsi deyil, Türk dünyasının tarixi yaddaşını, mədəni kimliyini və dil birliyini yaşadan ümumbəşəri dəyər olduğunu vurğulayıb. Bildirib ki, bu kimi beynəlxalq elmi platformalar türk xalqlarının ortaq irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Öcal Oğuz qədim türk yazılı irsinin nadir nümunələrindən olan Bilgə Tonyukuk abidəsinin ucaldılmasının 1300 illiyinin UNESCO-nun 2020-ci il üzrə Yubileylər Proqramına daxil edilməsinin türk dövlətçilik düşüncəsinin və dilimizin ilkin yazılı qatlarının öyrənilməsi baxımından mühüm hadisə olduğunu qeyd edib. O, eyni zamanda Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” əsərinin 950 illiyinin UNESCO çərçivəsində qeyd olunmasını bütün Türk dünyası üçün simvolik əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirib.

Türk dilinin tarixi gücünə toxunan sədr xatırladıb ki, XVI əsrdə Əlişir Nəvai “Mühakimətül-Lüğəteyn” əsəri ilə türk dilinin elmi və estetik üstünlüklərini əsaslandırıb. Nizami Gəncəvi, Yunus Əmrə və digər böyük sənətkarların yaradıcılığı da bu böyük dil ailəsinin müxtəlif qollarının ortaq mədəni zənginliyini nümayiş etdirir.

Öcal Oğuz UNESCO-nun 2025-ci ildə Səmərqənddə keçirilən 43-cü Baş Konfrans sessiyasında 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü elan edildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkologiya elminin inkişafında dönüş nöqtəsi olduğu kimi, UNESCO-nun qəbul etdiyi bu qərar da müasir Türk dünyasının mədəni və elmi özünüdərkinin yeni mərhələsini ifadə edir.

İdarə Heyətinin sədri vurğulayıb ki, Türk dünyasının güclənməsi yalnız regional miqyasda deyil, qlobal mədəni müxtəlifliyin zənginləşməsi baxımından da əhəmiyyətlidir. Bu prosesin dayaq nöqtələrini isə əsrlər boyu formalaşmış ortaq tarixi yaddaş, ortaq mədəni irs və ortaq dil ailəsi təşkil edir.

Sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək rəhbərlik etdiyi Fondun əsas fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, Fondun əsas missiyası türk xalqlarının ortaq mədəni və mənəvi irsini qorumaq, elmi şəkildə araşdırmaq və bu irsi gələcək nəsillərə ötürməkdən ibarətdir: “Məhz bu baxımdan “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusu Fondun məqsədləri ilə tam uzlaşır”.

O qeyd edib ki, bu simpozium elmi müzakirə platforması olmaqla yanaşı, gələcəyə doğru irəlilədiyimiz dəyərləri dərk etmək üçün mühüm fürsətdir. Onun sözlərinə görə, bu mövzu keçmişlə gələcək arasında mənəvi bağ yaradır və Türk dünyasının ortaq inkişaf yolunu aydınlaşdırır.

Aktotı Raimkulova çıxışında xüsusi olaraq Azərbaycan Milli Elmlər Akademiyası ilə son illərdə qurulan səmərəli əməkdaşlıq əlaqələrinə də diqqət çəkib. Bildirib ki, bu əməkdaşlıq akademik İsa Həbibbəylinin rəhbərliyi ilə ardıcıl və uğurla inkişaf edir və hər iki tərəf üçün mühüm elmi nəticələr ortaya qoyur.

Fond prezidenti çıxışının sonunda bugünkü simpoziumun Türk dünyasının ortaq tarixi və mədəni irsi ilə bağlı elmi yanaşmaları zənginləşdirəcəyinə, eyni zamanda yeni əməkdaşlıq imkanlarının formalaşmasına real zəmin yaradacağına əminliyini ifadə edib.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Mustafa Şabanov bugünkü simpoziumun Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı keçirilən tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, Bakıda “Türk Dünyası Həftəsi”nin təşkili Türk dünyasının elmi, mədəni və mənəvi birliyinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar türk xalqları arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır, elmi və mədəni əməkdaşlıq üçün real platformalar yaradır.

Mustafa Şabanov qeyd edib ki, müxtəlif coğrafi ərazilərdə yaşayan Türk dünyası ölkələrinin irsi ortaq tarixi yaddaş, dil qatları, dastan və mərasim ənənələri, sənətkarlıq və milli dəyərlər üzərində formalaşıb. Bu istiqamətdə UNESCO çərçivəsində türkdilli ölkələrin milli komissiyaları arasında əməkdaşlıq mexanizmləri yaradılıb və “Dünya Yaddaşı” Beynəlxalq Reyestrində türk kimliyini əks etdirən dəyərli nümunələr yer alıb.

Mustafa Şabanov çıxışında Füzuli irsi ilə bağlı diqqətçəkən bir tapıntıya da toxunub. Bildirib ki, ötən ilin əvvəlində Bakıda təsadüfən aşkar olunan bir əlyazma Məhəmməd Füzulinin türk-Azərbaycan dilində yazdığı 300-dən çox qəzəl və digər poetik nümunələri ehtiva edir. İlkin müşahidələrə əsasən, əlyazma XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə aid edilir və bəzi mətn fərqlilikləri ilə seçilir. Bu tapıntı barədə AMEA-nın müvafiq qurumlarına məlumat verildiyini, əlyazmanın isə AMEA-da elmi tədqiqata cəlb olunması üçün əldə edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu irsin beynəlxalq əməkdaşlıq çərçivəsində araşdırılması və elmi ictimaiyyətə təqdim edilməsi məqsədəuyğundur. Mustafa Şabanov türkoloqlara və tərəfdaş qurumlara müraciət edərək bu əlyazmanın birgə tədqiqinə, nəticələrin elmi nəşrlər və s. vasitəsilə dövriyyəyə daxil edilməsinə çağırıb.

M.Şabanov bugünkü simpoziumun yeni elmi əlaqələrə, tədqiqat təşəbbüslərinə və türk dünyasının ortaq mədəni yaddaşının qorunmasına xidmət edən davamlı əməkdaşlıqlara yol açacağına inamını ifadə edib.

Tədbirdə həmçinin millət vəkili Hikmət Babaoğlu, M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru akademik Kenjexan Matıjanov, Hacettepe Universitetinin professoru Dr. Özkul Çobanoğlu, Ege Universitetinin Türk Dünyası Araştırmaları İnstitutunun professoru Dr. Metin Ekici, Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun professoru Dr. Jabbor Eshonqulov, Nevşehir Hacı Bektaş Veli Universitetinin professoru Dr. Bayram Durbilmez və AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxış ediblər. Çıxış edənlər simpozium çərçivəsində aparılan elmi müzakirələrin ortaq türk elmi düşüncəsinin formalaşmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə ediblər, simpoziumun işinə uğurlar arzulayıblar.

Qeyd edək ki, iyulun 3-dək davam edəcək simpoziumda Azərbaycan və xarici ölkələrdən olan alimlər türkoloji folklorşünaslığın nəzəri və praktik məsələlərini, eləcə də türk xalqlarının ortaq mədəni irsinin qorunması və öyrənilməsi istiqamətlərini müzakirə edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: