AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclasın gündəliyində duran əsas məsələlər Əlyazmalar İnstitutunun 2026-cı ilin ilk 6 ayı ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinlənilməsi və yubilyar alimlərin təltif edilməsi olub.
İclası giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitabların tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, çıxış üçün sözü elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirliyə verib. Elmi katib gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
İclasın gündəliyinə əsasən Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Raqub Kərimov, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Nazim Yarməmmədov və həmin şöbənin böyük elmi işçisi Mustafa Əliyev Əlyazmalar İnstitutunun “Fəxri fərman”ı, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fəl.ü.f.d., dosent Rübabə Şirinova isə AMEA Humanitar Elmlər Bölməsinin “Fəxri fərman”ı ilə təltif olunublar.
Təltifetmə mərasimindən sonra A.Hacıqədirli institutun yarımillik hesabatı ilə bağlı geniş məruzə ilə çıxış edib, hazırladığı videoslayd vasitəsilə institutda dövlət başçısının müvafiq sərəncamlarından irəli gələrək icra olunan işlər, Azərbaycan Respublikası Nazirlər Kabineti, AMEA Rəyasət Heyəti, habelə Humanitar və İctimai Elmlər Bölməsinin müvafiq qərarlarının icrası ilə bağlı görülən işlər barədə, şöbələrdə aparılan tədqiqat işləri, çap olunan kitablar, əməkdaşların elmi ezamiyyətləri, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq, elmin təhsilə inteqrasiyası, aparılan elmi-tədqiqat işlərinin geniş ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verib.
Elmi şuranın iclasında iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi fil.ü.f.d., dosent Zümrüd Mənsimova çıxışında institutun elmi tədqiqat şöbələrində icra olunan işlərin əhəmiyyətindən, əldə olunan mühüm elmi nailiyyətlərdən, xəzinəmizdə mühafizə olunan əlyazmaların elektronlaşdırılması və bərpası sahəsində, institut materiallarının və nəşrlərinin, o cümlədən əməkdaşlarımızın fəaliyyətinin ölkədə, sosial şəbəkələrdə və ümumilikdə dünyada təbliği istiqamətində görülən mühüm işlərdən danışıb, təqdim olunan hesabatı yüksək qiymətləndirib.
İclasda, həmçinin institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadənin məruzə ətrafında çıxışı dinlənilib.
Yekunda institutun 2026-cı ilin ilk 6 ayı ərzində fəaliyyətinə dair hesabatı Elmi Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və yekdilliklə qəbul olunub.
İclas çərçivəsində institutun akt zalında elmi-tədqiqat müəssisəmizin alim və əməkdaşlarının cari il ərzində ərsəyə gətirdikləri nəşrləri nümayiş olunub. Sərgi institutun Kitabxana müdiri Briliant Hacıyeva, kitabxanaçılar – Firuzə Həmidova və Mətanət Məmmədova tərəfindən təşkil olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.