Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.07.2026 17:02
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda dərc edilib

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda dərc edilib

AR ETN Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva və Etnobotanika laboratoriyasının əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Samirə Xudaverdiyevanın həmmüəllifi olduqları elmi məqalə yüksək impakt faktorlu, Q2 kateqoriyalı "Plant Biosystems" jurnalının 2026-cı il buraxılışında dərc olunub.

"Pollen micromorphological variations in selected species of genus Ipomoea (Convolvulaceae) and their taxonomic significance" adlı məqalədə Ipomoea cinsinə aid seçilmiş növlərin tozcuqlarının mikromorfoloji xüsusiyyətləri işıq mikroskopiyası (LM) və skanedici elektron mikroskopiyası (SEM) vasitəsilə ətraflı tədqiq edilib.

Tədqiqat zamanı tozcuqların ölçüsü, ekzina qalınlığı, tikanların xüsusiyyətləri və səth ornamentasiyası kimi mühüm palinoloji əlamətlər müqayisəli şəkildə öyrənilib. Aparılan analizlər nəticəsində növlər arasında tozcuqların morfoloji göstəricilərinə görə əhəmiyyətli fərqlər müəyyən olunub və bu əlamətlərin növlərin taksonomik identifikasiyasında etibarlı diaqnostik meyar olduğu göstərilib.

Tədqiqatın nəticələri bir-birinə morfoloji cəhətdən yaxın olan Ipomoea növlərinin dəqiq ayırd edilməsində palinomorfoloji əlamətlərin etibarlı diaqnostik meyar olduğunu bir daha təsdiqləyir. Məqalə bitki sistematikası, palinologiya və taksonomiya sahələrinə mühüm elmi töhfə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: