Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yaradılmış “Türkiyə ədəbiyyatı” bölməsinin rəsmi açılış mərasimi keçirilib. Bölmə Azərbaycan və Türkiyə Respublikasının Mədəniyyət nazirliklərinin birgə həyata keçirdiyi layihə çərçivəsində, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi məqsədilə yaradılıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Antalya Kəpəz Bələdiyyəsi sədrinin müavini Evrim Yalçın, Antalya Şəhər Mərkəzi Kitabxanasının müdiri Oğuzhan Ceylan, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl, Kəpəz Bələdiyyəsi Mədəniyyət müdürü Birsen Atmaca, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, AMEA Gəncə Bölməsinin elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə sədr müavini dosent Əlinuxtar Muxtarov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal Alıyev, Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxışlarda bildirilib ki, həyata keçirilən layihə yalnız kitab nümayişi deyil, eyni zamanda əsrlərə söykənən Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəniyyət birliyinin növbəti təzahürüdür. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı bu gün də iki qardaş ölkə arasında strateji tərəfdaşlığın və mənəvi birliyin əsasını təşkil edir. O da qeyd olunub ki, Mərkəzdə yaradılan yeni bölmə gələcəkdə hər iki qardaş ölkənin ziyalıları, tədqiqatçıları və gəncləri üçün mühüm mütaliə, elmi və mədəni əməkdaşlıq məkanlarından birinə çevriləcək.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinin kitabxanasında yaradılmış “Türkiyə ədəbiyyatı” bölməsi ilə tanış olublar. Burada klassik və müasir türk ədəbiyyatının, eləcə də elmi və bədii əsərlərin seçilmiş nümunələri nümayiş etdirilib.
Səfər çərçivəsində qonaqlar Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairiNizami Gəncəvinin Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı Ə.Muxtarov Əlimuxtar Muxtarov Nizami Gəncəvinin həyat və yaradıcılığından, Azərbaycan şairi kimi ümumbəşəri ideyaların carçısı olmasından, türklüyü ilə fəxr etməsindən, mənsub olduğu Azərbaycan xalqı ilə yanaşı, dünya xalqlarına rəğbətindən, dahi şairin irsini tədqiq edən Azərbaycan alimlərindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Müzəffər Ali Baş Komandanİlham Əliyevin Nizami Gəncəvi şəxsiyyətinə, irsinə, “Xəmsə”sinə, məqbərəsinə, doğma şəhəri Gəncəyə böyük diqqət və qayğısından, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsindən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanının dəstəyi ilə Gəncə şəhərində inşa edilən Nizami Gəncəvi Muzeyində saxlanılan dahi şairin əlyazmaları, eksponatları haqqında qonaqlara məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.