Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.07.2026 12:10
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunun dosenti Varşava Universitetində elmi təcrübədə olub

Tarix və Etnologiya İnstitutunun dosenti Varşava Universitetində elmi təcrübədə olub

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Lamiyə Qafar-zadə Varşava Universitetinin Şərqi Avropa Mərkəzi və Polşanın bir sıra universitetləri tərəfindən Polşa və Qafqaz dövlətlərinin müstəqilliyinin bərpasının 100 illiyi münasibəti ilə təsis edilmiş nüfuzlu Titus Filipoviç mükafatının laureatı olub.

Mükafat proqramı çərçivəsində L. Qafar-zadə 2026-cı il 1 fevral – 15 aprel tarixlərində Varşava Universitetində, 15 aprel – 30 iyun tarixlərində isə Vrotslav şəhərində yerləşən Ossolinski adına Milli İnstitutda və Şərqi Avropa Kollecində elmi tədqiqat təcrübəsində olub.

Təcrübə çərçivəsində alim “Səfəvi imperiyasının İngiltərə ilə qarşılıqlı əlaqələri” mövzusu ilə əlaqədar Polşa kitabxanalarının fondlarında elmi materialları araşdırıb.

Varşava Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin dəvəti ilə Lamiyə Qafar-zadə universitetin Asiya və Afrika Mədəniyyətləri fakültəsinin tələbələri üçün “İngilis Moskva şirkətinin agentlərinin hesabatlarına əsasən Səfəvilər sülaləsinin etnolinqvistik mənşəyi” mövzusunda mühazirə oxuyub.

Təcrübə müddətində tədqiqatçı Varşava Universitetinin Vrotslav şəhərində yerləşən Ossolinski adına Milli İnstitutun və Şərqi Avropa Kollecinin fəaliyyəti ilə yaxından tanış olub, elmi tədbirlərdə iştirak edib, doktorluq dissertasiyasının müdafiəsi prosesini izləyib.

Dosent Lamiyə Qafar-zadə müəllifi olduğu monoqrafiyanı Varşava Universitetinin Azərbaycanşünaslıq Mərkəzinə, Varşava, Vrotslav universitetlərinin kitabxanalarına və Xalq Kitabxanasına hədiyyə edib.

Elmi stajın sonunda Lamiyə Qafar-zadə Azərbaycanın elm, mədəniyyət və ictimai həyatının inkişafına verdiyi töhfəyə görə diplomla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: