İyulun 10-da AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA AHİ-nin aparatı, Rəyasət Heyətinin üzvləri və həmkarlar təşkilatlarının sədrləri iştirak edib.
İclası giriş sözü ilə AMEA AHİ-nin sədri s.e.ü.f.d., dosent Sənan Həsənov açaraq, gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Sonra üzvlərin bir qisminin yay məzuniyyətinə çıxması, digər üzvlərin isə əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyətlə təmin edilməsi diqqətə çatdırılıb.
Sənan Həsənov qeyd edib ki, 2026-cı ilin birinci yarısında AMEA AHİ-nin fəal iştirakı və təşkilatçılığı ilə bir sıra mühüm layihələr, tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə AMEA-nın qarşısına qoyulan vəzifələrin icrasında həmkarlar təşkilatı fəal iştirak edib. Son 6 ay ərzində üzvlərin sosial problemlərinin həllində, əmək hüquqlarının qorunmasında, istirahətlərinin təşkil olunmasında görülmüş işlər isə müsbət qiymətləndirilib.
Sonra yay mövsümündə üzvlərə yollayışların verilməsi ilə bağlı şəffaflığın, operativliyin və növbəlilik prinsipinin önə çəkildiyi bildirilib və bu istiqamətdə qarşıya çıxan problemlərin həlli yolları haqqında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə üzvlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi təşkilat sədrlərinə tövsiyə edilib.
Eyni zamanda kollektivlərdə həmrəyliyin təmin olunması, işçilər arasında sağlam elmi mühitin qorunmasına dair məsələlər, nizam-intizama riayət olunması müzakirə olunub, şikayət və müraciətlərin həllində həmkarlar təşkilatının, elmi müəssisə və təşkilatların rəhbərlərinin üzərlərinə düşən vəzifələrə dair fikir mübadiləsi aparılıb.
Sonra əməyin texniki müfəttişi Həsənqulu Qurbanov görülmüş işlər barədə məlumat verib, təhlükəsiz əmək şəraitinin formalaşdırılmasında hər kəsin fərdi məsuliyyətini bildirib, görüləcək işlərin məzmunu barədə fikirlərini çatdırıb.
İclasda AMEA Rəyasət Heyəti Həmkarlar Təşkilatının sədri Aynur Mahmud, Şərqşunaslıq İnstitutunun Həmkarlar Təşkilatının sədri Sübhan Talıblı, Folklor İnstitutunun Həmkarlar Təşkilatının sədri Aynur İbrahimova və digər şəxslər çıxış edərək AHİK-in səmərəli və şəffaf iş prinsipinə dair qarşıya qoyduğu yeni istiqamətlərin əhəmiyyətini vurğulayıb, bir sıra maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.