Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.07.2026 11:00
  • A-
  • A
  • A+

Qax rayonuna tarixi-etnoqrafik ekspedisiya

Qax rayonuna tarixi-etnoqrafik ekspedisiya

16 iyun - 7 iyul tarixlərində AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsi tərəfindən Qax rayonuna tarixi-etnoqrafik ekspedisiya təşkil edilib. Ekspedisiyanın rəhbəri tarix elmləri doktoru Güllü Yoloğlu, ekspedisiyanın üzvü isə elmi işçi Fidan Şahmalıyeva olub.

Ekspedisiyanın əsas məqsədi Qax rayonunda yaşayan əhalinin etnik-mədəni xüsusiyyətlərini, məişət və təsərrüfat ənənələrini, xalq memarlığı nümunələrini, maddi və qeyri-maddi mədəni irs elementlərini, eləcə də bölgədə yaşayan müxtəlif etnik qrupların tarixi-etnoqrafik xüsusiyyətlərini yerində öyrənməkdən ibarət olub.

Tədqiqat çərçivəsində rayonun ucra başçısı Elvin Paşayevlə görüşülüb. Qax şəhəri, İlisu, Güllük, Sarıbaş, Qaxbaş, Qax İngiloy, Qum, Ləkit, Qıpçaq, Çinarlı, Ağçay və digər yaşayış məntəqələrində sahə materialları toplanmış, yaşlı sakinlərlə müsahibələr aparılmış, ailə-məişət münasibətləri, ənənəvi təsərrüfat sahələri, sənətkarlıq, xalq təbabəti, mərasim və inanclar, milli mətbəx, geyim mədəniyyəti, həmçinin bölgənin tarixi abidələri və müqəddəs ziyarət yerləri haqqında zəngin məlumatlar qeydə alınmışdır.

Ekspedisiya zamanı foto və video çəkilişlər aparılıb, maddi mədəniyyət nümunələri sənədləşdirilib, yaşayış evlərinin memarlıq xüsusiyyətləri, qəbiristanlıqlar, epiqrafik abidələr və digər tarixi-etnoqrafik obyektlər tədqiq edilib. Toplanmış sahə materiallarının gələcək elmi araşdırmalarda, monoqrafiya və məqalələrin hazırlanmasında, eləcə də Azərbaycanın etnoqrafik irsinin öyrənilməsi və təbliğində mühüm mənbə kimi istifadə olunması nəzərdə tutulur.

Ekspedisiyanın rəhbəri t.e.d. Güllü Yoloğlu Çinarlı kəndinin füsunkar guşəsində təşkil olunmuş Kamp Festivalında Öztürk TV-yə müsahibə verib.

Ekspedisiya nəticəsində əldə edilmiş materiallar Qax rayonunun zəngin tarixi-etnoqrafik irsinin sistemli şəkildə öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm elmi əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: