Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.07.2026 13:56
  • A-
  • A
  • A+

"Qala nekropolu: struktur, tipologiya və interpretasiya" mövzusunda elmi təqdimat keçirilib

"Qala nekropolu: struktur, tipologiya və interpretasiya" mövzusunda elmi təqdimat keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda Qala nekropoluna həsr olunmuş "Qala nekropolu: struktur, tipologiya və interpretasiya" mövzusunda elmi təqdimat keçirilib.

Təqdimatı Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Mehdi Əli və institunun baş mütəxəssisi Rüstəm Hüseynov təqdim ediblər.

Təqdimatda Qala nekropolunda aparılmış son arxeoloji tədqiqatların nəticələri, kompleksin memarlıq quruluşu, dəfn abidələrinin tipologiyası və onların funksional xüsusiyyətləri geniş şəkildə təhlil olunub. Nekropolun əsas obyektləri – çahartağ tipli "Sirli türbə", ziyarətgah (nəzirgah), yeraltı ossuari kompleksi, əmanət qəbirləri və ailə türbələri haqqında yeni elmi məlumatlar təqdim edilib. Arxeoloji qazıntılar, memarlıq ölçüləri və pilotsuz uçuş aparatı vasitəsilə əldə olunmuş materiallar əsasında kompleksin plan quruluşu və inkişaf mərhələləri yenidən qiymətləndirilib.

Məruzədə Qala nekropolunun yalnız ənənəvi islam qəbiristanlığı olmadığı, burada ikincili dəfn praktikasının, ossuari (ostodan) ənənəsinin və müxtəlif dəfn formalarının uzun müddət paralel şəkildə mövcud olduğu göstərilib. Tədqiqat nəticələri İran və Xarəzm ərazilərindəki analoji arxeoloji komplekslərlə müqayisə edilərək regionun mədəni əlaqələri kontekstində şərh olunub. Bildirilib ki, Qala nekropolu Abşeronda orta əsr və yeni dövr dəfn ənənələrinin təkamülünü əks etdirən unikal arxeoloji kompleksdir.

Təqdimat zamanı abidənin mühafizəsi ilə bağlı mövcud problemlər, memarlıq elementlərinin dağılması, epiqrafik materialın məhdudluğu və gələcək tədqiqat istiqamətləri də diqqətə çatdırılıb. Gələcək mərhələdə bütün tikililərin tam sənədləşdirilməsi, GIS texnologiyalarının tətbiqi, osteoloji və mikrostratiqrafik tədqiqatların aparılması, həmçinin kompleksin elmi əsaslarla konservasiyası istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.

Tədbir iştirakçıları təqdim olunan nəticələrin Qala nekropolunun elmi öyrənilməsi, Azərbaycanın dəfn mədəniyyətinin tarixinin araşdırılması və milli mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Qarşıdakı dövrdə tarixi-mədəni irsin tədqiqi, qorunması və təbliği istiqamətində birgə elmi layihələrin, ekspedisiya və konfransların həyata keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: