AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayeva “Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda keçirilmiş konfransda iştirak edib.
Ölkənin bir sıra aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin əyani və onlayn şəkildə qatıldığı konfransda T.Seyfullayeva cəmiyyətin maarifləndirilməsində, cəhalətə qarşı mübarizədə mətbuatın rolundan söz açıb, onun fəaliyyətini yüksək qiymətləndirib. Əski əlifbada çap olunmuş mətbuat nümunələrindən bəhs edən alim AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çox sayda bu cür qəzet və jurnalların qorunub saxlanıldığını diqqətə çatdırıb. T.Seyfullayeva, həmçinin elmdə, təhsildə və başqa sahələrdə qadınların fəaliyyətini əks etdirən “Şərq qadını” jurnalından söz açıb, onun əməkdaşlar tərəfindən müasir əlifbaya çevrilərək yaxın gələcəkdə nəşrə təqdim ediləcəyini vurğulayıb. Alimin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Konfransda, həmçinin “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, BDU-nun müəllimi Mübariz Göyüşlü, millət vəkili, professor Vüqar Rəhimzadə, Türkiyənin Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev, “Bakı-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzinin İdarə Heyətinin sədri, texnika elmləri doktoru Yaşar Musayev, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta və bir sıra mötəbər şəxslər iştirak edib, çıxışlarında medianın internet və süni intellekt dövrünə uyğun transformasiyasının əhəmiyyətini, gələcəkdə türk ölkələri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş konfrans “Müasir İnkişaf” İctimai Birliyi və Crossmedia.az Analitik İnformasiya Portalının birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.