AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Su Biosistemlərinin Tədqiqi laboratoriyasının müdiri biologiya elmlər doktoru Asif Manafov, əməkdaşlar baş elmi işçi biologiya elmləri doktoru Mahir Hüseynov, kiçik elmi işçi Aynur Hacıağayeva və kiçik elmi işçi Nərmin Nəsirova 20-26 iyul 2026-cı il tarixlərində Ağdam rayonunda elmi ekspedisiyada olublar.
Ekspedisiya müddətində Ağdam və Tərtər rayonları ərazisinə və qismən Ağdərə rayonu ərazisinə daxil olan bəzi sututarlarda (Xaçınçay, Xaçınçay su anbarı, Qarqarçay, Ağdamkənd su anbarı və Tərtərçay) ilkin müşahidələr aparılaraq, gələcəkdə mütəmadi olaraq material toplamağa imkan verəcək biotoplar müəyyən edilib.
Xüsusilə Xaçınçay su anbarının müxtəlif hissələrində müşahidələr aparılaraq mollyusk, müxtəlif qruplardan olan həşərat sürfələri, zəli, xərçəng və balıq körpələrindən ibarət nümunələr əldə edilib.
Əldə olunan tədqiqat materialları sonrakı laborator analizlər, növ tərkibinin müəyyənləşdirilməsi və su ekosistemlərinin bioloji müxtəlifliyinin qiymətləndirilməsi məqsədilə müvafiq metodik tələblərə uyğun şəkildə konservasiya edilərək laboratoriyaya çatdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.