Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.09.2026 15:21
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında “Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında “Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Sentyabrın 18-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Akademik Gövhər Baxşəliyeva iclasda bildirib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin “Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzəsi dinləniləcək.

Tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev çıxışında Qarabağın dünya paleolit arxeologiyasında mühüm yer tutan Azıx və Tağlar mağaralarında son illərdə aparılan yeni arxeoloji tədqiqatlar, tətbiq edilən müasir elmi metodlar, əldə olunan ilkin nəticələr və beynəlxalq elmi əməkdaşlıq haqqında məlumat verib.

Fərhad Quliyev qeyd edib ki, Qarabağın işğaldan azad edilməsindən sonra bölgənin arxeoloji irsinin, o cümlədən paleolit abidələrinin müasir elmi standartlar əsasında yenidən və sistemli şəkildə tədqiqi üçün yeni mərhələ başlanıb: “Bu mərhələnin əsas xüsusiyyətlərindən biri klassik arxeoloji qazıntıların ən yeni rəqəmsal, arxeometrik və laboratoriya metodları ilə birləşdirilməsidir. Müasir tədqiqatların qarşısında duran vəzifə yalnız qədim homininlərin maddi mədəniyyət qalıqlarını aşkar etmək deyil, eyni zamanda onların hansı təbii mühitdə yaşadıqlarını, ətraf mühitə necə uyğunlaşdıqlarını, hansı resurslardan istifadə etdiklərini, mobillik və əlaqə şəbəkələrini kompleks şəkildə müəyyənləşdirməkdir”.

Müəllif bildirib ki, Azıx mağarasında tədqiqatlar AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leybniz Arxeologiya Mərkəzi - LEIZA arasında imzalanmış memorandum çərçivəsində Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, layihəyə Azərbaycan və Almaniya ilə yanaşı, bir sıra Avropa ölkələri və ABŞ-dan arxeologiya, paleoekologiya, paleoproteomika, geologiya, geoxronologiya, arxeobotanika, zooarxeologiya və digər sahələrin mütəxəssisləri cəlb olunub.

“Azıx mağarasının müxtəlif sahələrində aparılan yeni tədqiqatlarda arxeoloji tapıntıların və onların kontekstlərinin üçölçülü koordinatlarla qeydə alınması, fotogrammetriya və 3D modelləşdirmə, Arxeoloji İnformasiya Sistemləri və xüsusi rəqəmsal məlumat bazasının yaradılması, mikroskopik və traseoloji analizlər, flotasiya, paleobotanika, zooarxeologiya və tafonomiya kimi müasir metodlardan istifadə edilir. Eyni zamanda OSL tarixləndirməsi, kosmogen nuklid analizləri, üzvi geokimyəvi biomarkerlər və stabil izotop analizləri vasitəsilə mağaranın xronologiyasının, paleoiqlim və paleomühit şəraitinin daha dəqiq rekonstruksiyası istiqamətində işlər görülür”, - deyə çıxışında bildirib.

Məruzəçi vurğulayıb ki, Azıx materiallarının paleoproteomika və ZooMS kimi ən yeni biomolekulyar metodlarla öyrənilməsi də xüsusi əhəmiyyət daşıyır. Kopenhagen Universitetinin Qlobe İnstitutunun tanınmış mütəxəssisi professor Frido Welkerin rəhbərliyi altında aparılan bu araşdırmalar morfoloji baxımdan müəyyənləşdirilməsi çətin olan sümük fraqmentlərinin bioloji mənsubiyyətini molekulyar səviyyədə aydınlaşdırmağa imkan verir. LEIZA-nın mütəxəssisi João Marreiros və digər xarici alimlərin iştirakı ilə daş və sümük alətlərin funksional təyinatının müəyyənləşdirilməsi üçün traseoloji və “use-wear” analizləri də həyata keçirilir.

Fərhad Quliyev bildirib ki, Azıxda aparılan müasir tədqiqatların məqsədi qədim insanı yalnız ayrıca bioloji varlıq və ya daş alət istehsalçısı kimi deyil, onu əhatə edən ekoloji sistemin tərkib hissəsi kimi öyrənməkdir. Belə yanaşma homininlərin yaşayış mühiti, iqlim dəyişikliklərinə adaptasiyası, qida əldə etmə strategiyaları, xammal seçimi, texnoloji davranışı və miqrasiya prosesləri haqqında daha dolğun elmi təsəvvür yaratmağa imkan verir.

Məruzəçi araşdırmaların digər mühüm hissəsinin Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən Tağlar mağarasının yeni tədqiqatlarına həsr olunduğunu qeyd edib. AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Tokio Universiteti arasında 2023-cü ildə bağlanmış müqavilə əsasında Azərbaycan-Yaponiya beynəlxalq ekspedisiyası 2026-cı ildə burada üçüncü tədqiqat mövsümünü həyata keçirib. Azərbaycan tərəfdən tədqiqatlara tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, Yaponiya tərəfindən isə Tokio Universiteti Muzeyinin direktoru professor Yoşihiro Nişiakinin rəhbərlik etdiyi alimlər qrupu qatılıb.

Məruzəçi qeyd edib ki,  Tağlar mağarası 1960-cı ildə Azərbaycan paleolitşünaslığının banisi Məmmədəli Hüseynov tərəfindən qeydə alınıb, 1964-1986-cı illərdə aparılan qazıntılar zamanı burada altı mədəni təbəqə və 9 mindən artıq arxeoloji nümunə müəyyən edilib. Müasir tədqiqatlar həmin elmi irsi yeni metodoloji imkanlarla davam etdirir. Mağaranın əsas mədəni təbəqələri Orta Paleolit - Mustye dövrü ilə əlaqələndirilsə də, Üst Paleolit nümunələri də qeydə alınıb. Hazırda təbəqələrin mütləq yaşının dəqiqləşdirilməsi üçün radiometrik analizlər aparılır. Bu tədqiqatlar Tağların neandertalların Cənubi Qafqazda məskunlaşması və miqrasiyasının, həmçinin sonrakı mərhələlərdə müasir insan populyasiyaları ilə münasibətlərinin öyrənilməsi baxımından əhəmiyyətini daha da artırır.

Məruzədə Tağlar mağarasından aşkar edilmiş obsidian materiallarının müasir arxeometrik metodlarla tədqiqinin nəticələrinə də toxunulub. Rentgen-flüoresans analizi əsasında aparılan araşdırmalar Orta Paleolit dövründə Cənubi Qafqazda yaşayan neandertal populyasiyalarının obsidian xammalını müxtəlif mənbələrdən əldə etdiklərini göstərib. Bəzi obsidian mənbələrinin Tağlar mağarasından yüzlərlə kilometr uzaqda yerləşməsi qədim insanların yüksək mobilliyi, geniş əlaqə dairəsi və ehtimal olunan mübadilə şəbəkələri məsələsini gündəmə gətirir. Bu tədqiqatın nəticələri beynəlxalq elmi bazalarda indeksləşən “Journal of Archaeological Science: Reports” jurnalında dərc edilib.

Fərhad Quliyev çıxışında Azıx və Tağlar üzrə aparılan tədqiqatların nəticələrinin beynəlxalq elmi dövriyyəyə daxil edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, xarici elmi mərkəzlərlə bağlanan müqavilə və memorandumlar yalnız birgə qazıntıların təşkili ilə məhdudlaşmır. Bu əməkdaşlıq Azərbaycanda əldə olunan arxeoloji materialların dünyanın aparıcı laboratoriyalarında ən müasir metodlarla analiz edilməsinə, tanınmış xarici alimlərin tədqiqatlara cəlb olunmasına, Azərbaycan alimləri və gənc mütəxəssislərin beynəlxalq elmi şəbəkələrə inteqrasiyasına şərait yaradır.

Məruzədə, həmçinin Qarabağ Universitetinin tələbə və gənc tədqiqatçılarının Azıx ekspedisiyasına, digər ali məktəblərin tələbələrinin isə Tağlar tədqiqatlarına cəlb edilməsinin gələcək milli elmi kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev  bildirib ki, Azıx və Tağlar mağaralarında aparılan yeni tədqiqatlar Qarabağın Paleolit dövrünün öyrənilməsini keyfiyyətcə yeni mərhələyə çıxarır. Müasir arxeologiya, təbiət elmləri, rəqəmsal texnologiyalar və biomolekulyar metodların vahid tədqiqat proqramında birləşdirilməsi qədim homininlərin yalnız maddi mədəniyyətini deyil, onların bioloji xüsusiyyətlərini, yaşayış mühitini, adaptasiya strategiyalarını, texnoloji davranışını, mobilliyini və geniş regional əlaqələrini kompleks şəkildə öyrənməyə imkan verir.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Azərbaycan Respublikası Prezidentinin Üzeyir Hacıbəyovun 140, Xaqani Şirvaninin və Əcəmi Naxçıvaninin 900, Səməd Vurğunun 120 illik yubileylərinin qeyd olunması ilə əlaqədar sərəncamlarının icra vəziyyətindən söz açılıb. Həmçinin akademik Gövhər Baxşəliyeva “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın 2026-2030-cu illər üçün həyata keçiriləcək tədbirlər planına dair təkliflərin verilməsi ilə bağlı institutlara müəyyən tapşırıqlar verilib.

Daha sonra tarix elmləri doktoru, dosent Allahverdi Əlimirzəyev və tarix elmləri doktoru, dosent Vidadi Umudlunun AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş, tarix üzrə fəlsəfə doktoru Günel Mehdizadənin böyük elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Etibar Əsədovun AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsinə təsdiq edilməsi məsələləri müzakirə olunub.

İclasda, həmçinin AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 80, AMEA-nın müxbir üzvü Aqil Əliyevin 100  illik yubileyləri haq­qın­da qərarlar müzakirə edilib.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: