Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dosent Fərhad Quliyev: İşğal dövründə Azərbaycan irsinə qarşı sistemli və məqsədyönlü şəkildə cinayətlər törədilib
23.09.2026 10:30
  • A-
  • A
  • A+

Dosent Fərhad Quliyev: İşğal dövründə Azərbaycan irsinə qarşı sistemli və məqsədyönlü şəkildə cinayətlər törədilib

Tədqiqatlar zamanı işğal dövründə Azərbaycan irsinə qarşı sistemli və məqsədyönlü şəkildə həyata keçirilən cinayətlərin biri Tunc dövrünə və daha qədim mərhələlərə aid yaşayış məskənlərinin, kurqanların qondarma arxeogenetik tədqiqatlarla ermənilərin əcdadlarına bağlamaq, guya bölgənin ən qədim sakinlərinin ermənilər olduğu barədə saxta rəy yaradılmağa çalışmaq olub. İkincisi, xristianlıq dövrünə məxsus alban məbəd və monastırlarının memarlıq detallarının zorakılıqla dəyişdirilərək dini-mədəni baxımdan tamamilə erməni-qriqorianlaşdırılması siyasətinin yürüdülməsidir. Üçüncüsü isə Azərbaycan xalqına məxsus məscid və qəbiristanlıqların tamamilə dağıdılması, ya da məhv edilə bilməyən abidələrin azərbaycanlıların deyil, guya başqa müsəlman xalqlarının, xüsusən İran mədəniyyətinin mirası kimi qələmə verilməsidir.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda keçirilən elmi konfransda Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib.

Alim vurğulayıb ki, Azərbaycan arxeoloqları artıq Xocavənd, Kəlbəcər və Ağdərə rayonlarında geniş tədqiqatlara başlayıblar. Xüsusilə Xocavənd rayonunun Tuğ kəndində yerləşən Dövlət Tarix-Memarlıq Qoruğunda Alban knyazlarının saray kompleksində, həmçinin ərazidəki 2 və 3 nömrəli qədim Alban xristian abidələrində, Hadrut və Çanaqçı kəndlərində aparılan arxeoloji qazıntılar erməni yalanlarını elmi dəlillərlə ifşa etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: