Qafqaz Albaniyası dövlətinin xristianlıq irsi, Alban və erməni kilsələri arasındakı fundamental teoloji fərqlər, eləcə də erməni tarixçilərinin öz mənbələrində gizlədə bilmədikləri tarixi həqiqətlərə dair çoxlu faktlar var.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda keçirilən elmi konfransda Tarix və Etnologiya İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ramil Ağayev bildirib.
Alim vurğulayıb ki, tarixi salnamələrdə, o cümlədən Musa Kalankatuklunun əsərində albanların xristianlığı ermənilərdən əsrlər öncə qəbul etdiyi faktlarla təsdiqlənir. Eyni zamanda kilsələrin etiqad baxımından tam fərqli cərəyanlara mənsub olduğu vurğulanır. Alim ermənilərin Qarabağ və Naxçıvan abidələrini təkcə yazı və əlifba vasitəsilə mənimsəmə cəhdlərinin beynəlxalq elmi prinsiplərə zidd olduğunu qeyd edib: “Albaniya dövlətinin süqutundan sonra xalqın böyük qismi İslam dinini qəbul etsə də, Xaçın knyazlığı timsalında xristian ənənələrini qoruyan albanların maddi irsi erməni abidələrindən köklü şəkildə seçilib. Qriqorian abidələrindən fərqli olaraq, Alban xaçdaşlarında və qəbirlərində qədim dünyagörüşün izləri olan Ay, Günəş və quş simvolları yer alır. Ərazidəki qəbir abidələrinin əksəriyyətinin üzərindəki adların erməni deyil, birbaşa albanəsilli tarixi şəxsiyyətlərə aid olduğu görülür”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.