Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarixçi alim: Qafqaz Albaniyasının tədqiq edilməsində ən mühüm yanlışlıq bu dövlətin qədim tarixinin və mədəniyyətinin müasir sərhədlər kontekstində araşdırılmasıdır
23.09.2026 11:00
  • A-
  • A
  • A+

Tarixçi alim: Qafqaz Albaniyasının tədqiq edilməsində ən mühüm yanlışlıq bu dövlətin qədim tarixinin və mədəniyyətinin müasir sərhədlər kontekstində araşdırılmasıdır

“Bu yanaşma SSRİ dövründə erməni əsilli tədqiqatçıların albanşünaslığa vurduğu ən böyük zərbədir. Qədim tarixi müasir sərhədlər daxilində öyrənmək əslində onu təhrif etmək və saxtalaşdırmaq deməkdir. Halbuki həm arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş artefaktlar, yerüstü tarixi-mədəni və dini abidələr, həm də yazılı mənbələrdə əks olunmuş məlumatlar bu saxtakarlığı ifşa edir”.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda keçirilən elmi konfransda Tarix və Etnologiya İnstitutunun Azərbaycanın qədim dövr tarixi şöbəsinin müdiri Ramin Əlizadə bildirib.

Alim vurğulayıb ki, Türkiyə Cümhuriyyətinin Van şəhəri yaxınlığında, qədim qaya üzərində 200-ə yaxın kitabə mövcuddur ki, səfərimiz zamanı bu kitabələrdə urartu dilində yazıların olduğunu gördük: “Qayaüstü yazının yerləşdiyi tarixi ərazidə vaxtilə İosif Orbeli və Nikolay Marrın ekspedisiyaları tərəfindən qeydiyyata alınan bu kitabələrin bəzilərini ermənilər sonradan qəsdən zədələyərək izləri itirməyə çalışıblar. Lakin mətnlərin foto-sənədləri və ilkin nəşrləri elmi dövriyyədə qorunub saxlanılır. Bu yazılarda Alban ölkəsi ilə yanaşı, Göyçə gölü hövzəsinə və Qarabağ bölgəsinə aid digər qədim ərazi adları paralel şəkildə sadalanır”.

Ramin Əlizadə çıxışında qeyd edib ki, Urartu mixi yazılarında Alban ölkəsinin adının qeyd olunması Qafqaz Albaniyası tarixinin hüdudlarını xristianlıq mərhələsindən qat-qat əvvələ aparır və ermənilərin bu irsi təkcə kilsə müstəvisində özününküləşdirmək iddialarını kökündən darmadağın edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: