Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Sazın səsi – sözün nəfəsi” layihəsi çərçivəsində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq İsgəndər Ağbabalının 100 illik, oğlu Aşıq Faxfur Ağbabalının isə 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edib.
Hikmət Quliyev bildirib ki, aşıq yaradıcılığı Azərbaycan xalqının saz-söz yaddaşının formalaşmasında, qorunmasında və nəsildən-nəslə ötürülməsində mühüm rol oynayan folklor sahələrindən biridir. Bu baxımdan Qərbi Azərbaycanın müxtəlif bölgələri, o cümlədən Göyçə, Ağbaba və digər tarixi aşıq məkanları Azərbaycan aşıq sənətinin zəngin ənənələrinin formalaşdığı mühüm folklor mühitləri kimi səciyyələnir. Onlardan biri də əsrlər boyu formalaşmış saz-söz, dastançılıq və ifa ənənələrini özündə birləşdirən Ağbaba-Çıldır aşıq mühitidir.
İnstitut direktorunun sözlərinə görə, Aşıq İsgəndər Ağbabalı Ağbaba-Çıldır aşıq mühitinin XX əsrdəki mühüm sənət daşıyıcılarından və bu mühitin sonuncu azman sənətkarlarından biri olub. O, yalnız saz ifaçısı kimi deyil, yaradıcı aşıq və güclü dastançı kimi də seçilib. Aşıq İsgəndər Ağbaba-Çıldır mühitinin zəngin saz repertuarını dərindən mənimsəyərək “Ağbabayi”, “Ağbaba qaytarması”, “Çalpapax”, “Dəli hicranı”, “Dərbədəri”, “Qars gözəlləməsi”, “Baharı”, “Rəhmanı”, “İsgəndəri”, “Ağbaba gülü”, “Gəlin nanayı” və digər havaları yaşadıb və ifa edib. Mənbələrdə onun 33 dastanı sinədən bildiyi, həmçinin Ağbaba mühitinə məxsus bir sıra regional dastan və rəvayətləri qoruyub yaşatdığı qeyd olunur.
Hikmət Quliyev vurğulayıb ki, Aşıq İsgəndər Ağbabalının sənət irsinin mühüm xüsusiyyətlərindən biri böyük dastan və saz-söz repertuarının onun yaddaşında canlı şəkildə qorunmasıdır. O, xalq dastanlarını yalnız ifa repertuarında deyil, aşıq yaddaşında yaşadan sənətkar kimi Ağbaba-Çıldır aşıq ənənəsinin mühüm halqalarından birini təşkil edib. Onun sənət yaddaşında əvvəlki nəsil ustadların yaradıcılığının qorunması və sonrakı nəsillərə ötürülməsi ustad-şəyird ənənəsinin davamlılığını göstərən mühüm faktlardan biridir. Aşıq İsgəndərin şagirdləri sırasında Aşıq Faxfur Ağbabalının da adı çəkilir.
Aşıq Faxfur Ağbabalının yaradıcılığına toxunan Hikmət Quliyev qeyd edib ki, o, atasının sənət ocağının davamçısı olmaqla yanaşı, ustad-şəyird ənənəsinin müasir mərhələdə yaşadılmasına töhfə verən sənətkarlardandır. Aşıq Faxfurun fəaliyyəti Aşıq İsgəndər Ağbabalının sənət yaddaşının, repertuarının və Ağbaba-Çıldır aşıq ənənələrinin yeni nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yubiley tədbirində Aşıq Faxfur Ağbabalının atasının yaradıcılığından nümunələr ifa etməsi də bu sənət varisliyinin canlı ifadəsi kimi diqqət çəkib.
Çıxışında “Sazın səsi – sözün nəfəsi” layihəsinin əhəmiyyətinə toxunan Hikmət Quliyev bildirib ki, AMEA Folklor İnstitutu ilə Beynəlxalq Muğam Mərkəzinin birgə həyata keçirdiyi layihə saz və söz sənətinin ustadlarını xatırlamaq və yubileylərini qeyd etməklə məhdudlaşmır. Layihənin əsas məqsədlərindən biri Azərbaycan aşıq sənətinin ayrı-ayrı mühitlərini, ustadlarını, ifa ənənələrini və sənət yaddaşını müasir mədəni mühitdə yenidən təqdim etmək, bu irsin elmi və mədəni dövriyyəsini təmin etməkdir.
Hikmət Quliyev qeyd edib ki, Aşıq İsgəndər Ağbabalının 100 illik, Aşıq Faxfur Ağbabalının isə 70 illik yubileylərinin eyni layihə çərçivəsində qeyd olunması xüsusi məna daşıyır. Bu, bir tərəfdən Ağbaba-Çıldır aşıq mühitinin zəngin sənət ənənəsinə ehtiramı ifadə edir, digər tərəfdən isə ustad-şəyird xətti ilə saz-söz irsinin nəsildən-nəslə ötürülməsinin canlı nümunəsini nümayiş etdirir.
Çıxışının sonunda Hikmət Quliyev vurğulayıb ki, Qərbi Azərbaycan folklorunun öyrənilməsinə, tanıdılmasına və yaşadılmasına yönəlmiş bu cür elmi-mədəni layihələr dövlətin Qərbi Azərbaycanla bağlı həyata keçirdiyi siyasətə dəstək verməklə yanaşı, bölgənin zəngin mədəni irsinin, folklor yaddaşının və ənənəvi sənət nümunələrinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.