Özbəkistan Respublikasının Nökis şəhərində Hacıniyaz adına Nökis Dövlət Pedaqoji İnstitutunun Qaraqalpaq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Türk xalqları ədəbiyyatı tarixinin və folklorunun öyrənilməsinin mühüm məsələləri və innovativ yanaşmalar” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Nizami qızı Məmmədova onlayn formatda iştirak edib. Alim konfrans çərçivəsində “Qaraqalpaq folklorunun 100 cildliyinin struktur-məzmun xüsusiyyətlərinə xüsusi baxış” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qaraqalpaq xalqının zəngin folklor irsinin genişmiqyaslı nəşri olan “Qaraqalpaq folkloru”nun 100 cildliyinin struktur və məzmun xüsusiyyətləri nəzərdən keçirilib. Tədqiqat zamanı çoxcildli folklor külliyyatının formalaşma prinsipləri, janr və məzmun müxtəlifliyi, folklor nümunələrinin sistemləşdirilməsi və nəşrin elmi əhəmiyyəti məsələləri diqqətə çatdırılıb.
Məruzədə qaraqalpaq folklorunun zəngin irsinin çoxcildli nəşr vasitəsilə sistemləşdirilməsi və elmi tədqiqi məsələləri ön plana çəkilib. Tədqiqat Azərbaycan və Qaraqalpaq folklorşünaslığının qarşılıqlı öyrənilməsi, türk xalqlarının folklor irsinin müqayisəli tədqiqi və bu sahədə elmi mübadilənin genişləndirilməsi baxımından diqqət çəkib.
Qeyd edək ki, beynəlxalq elmi-nəzəri konfrans Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsili Nazirliyi və Hacıniyaz adına Nökis Dövlət Pedaqoji İnstitutunun təşkilati dəstəyi ilə keçirilib. Konfransda müxtəlif ölkələrdən alim və tədqiqatçılar iştirak edərək türk xalqlarının ədəbiyyatı, folkloru, ədəbi-mədəni əlaqələri və milli-mənəvi irsi ilə bağlı məruzələr təqdim ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.