AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qafqaz Albaniyasının maddi-mədəni irsinə qarşı erməni vandalizmi” mövzusunda elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, tarixi həqiqətləri hər zaman təhrif edən ermənilərin son günlərdə Qafqaz Albaniyası abidələri ilə bağlı saxtakarlıqlara söykənən təbliğat aparmaları, alban abidələrini erməni abidəsi kimi qələmə vermə cəhdləri artıb. Ermənilərin ətrafında hay-küy qaldırdıqları Gəncəsər monastrının ermənilərə heç bir aidiyyatının olmadığını deyən akademik G.Baxşəliyeva, bu abidənin albanlara məxsus olmasını arxeoloji faktların açıq-aşkar göstərdiyini, ermənilər tərəfindən abidəyə müdaxilə edildiyini, xaçların formasının dəyişdirildiyini, epiqrafik yazıların saxtalaşdırıldığını, ermənistandan gətirilən inşaat materiallarından istifadə olunduğunu qeyd edib. Akademik bu saxtakarlıqlara qarşı mübarizədə şərqşünas alimlərin də üzərinə vəzifələr düşdüyünü qeyd edib və bu sahədə son zamanlar gənc alim Elnur Mustafayevin xüsusi seçildiyini qeyd edib.
Şərqşünaslıq İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev elmi sessiyada “Qafqaz Albaniyasının maddi-mədəni irsinə qarşı erməni vandalizmi” mövzusunda məruzə edib. E.Mustafayev işğal dövründə ermənilər tərəfindən alban maddi-mədəni irsinə aid yüzlərlə abidənin vandalizmə məruz qaldığını, onların ya təhrif edilərək erməniləşdirildiyini, ya da tamamilə məhv edildiyini bildirib. Məruzəçi alban kilsələrinin iki əsrdən çoxdur ki, ən müxtəlif üsul və metodlardan istifadə etməklə erməniləşdirilərək tarixi mahiyyətinin dəyişdirilməsinə cəhdlər edildiyini, Azərbaycan xristian irsinə aid tikililərin interyerinə və xarici fasadlarına alban kilsəsinə yad olan müxtəlif heyvan fiqurları və erməni yazıları artırıldığını qeyd edib. Nəzərə çatdırıb ki, monastırların müxtəlif yerlərinə alban memarlıq üslubuna yad olan erməni-qriqoryan xaçları və erməni dilində yeni yazılar əlavə edilib, bu xaçlar və yazılar Suriyadan və digər ölkələrdən gətirilib. Bunları edənlərin əsas məqsədinin Azərbaycan torpaqlarında saxta erməni tarixini yaratmaq olduğunu deyən alim işğal dövründə törədilmiş vandalizm cinayətlərinin bəşər mədəniyyətinə qarşı təcavüz olduğunu vurğulayıb.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb. Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Azərbaycanda albanşünaslığın əsasını qoyanlardan birinin məhz görkəmli şərqşünas akademik Ziya Bünyadov olduğunu vurğulayıb. O, Şərqşünaslıq İnstitutunun bu gün də ermənilərin bu sahədəki saxtakarlıqlarına qarşı mübarizədə ön sıralarda olmalı olduğunu bildirib. Eyni zamanda, şərqşünas alimlərimizin xarici ölkələrin kitabxana və arxivlərindəki mənbələri araşdıraraq, ölkəmizdəki abidələri tədqiq etməklə bu məsuliyyətli işə mühüm töhfələr verdiklərini diqqətə çatdırıb.
Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Laura Orucova Şərqşünaslıq İnstitutunda albanşünaslıq sahəsində görülmüş işlərdən bəhs edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.