AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda tarixçi-alim, Əməkdar jurnalist “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının “I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirilib.
Nəşr Azərbaycan türkoloji fikir tarixinin mühüm mərhələlərindən biri olan I Bakı Türkoloji Qurultayının öyrənilməsinə yeni arxiv materiallarının cəlb edilməsi baxımından diqqət çəkir. Kitabda Azərbaycanın müxtəlif dövlət arxivlərində mühafizə olunan, qurultayın keçirildiyi dövrün ictimai-siyasi, elmi və mədəni mənzərəsini əks etdirən sənədlər ilk dəfə sistemli şəkildə araşdırmaya cəlb olunub.
Tədqiqat zamanı Azərbaycan Dövlət Tarix Arxivində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, eləcə də Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan sənədlərdən istifadə edilib. Bu materiallar qurultayın təşkili, iştirakçıları və elmi müzakirələrin məzmunu ilə yanaşı, həmin dövrün türkoloji düşüncə mühitinin daha dolğun təsəvvür edilməsinə imkan yaradır.
Təqdimat mərasimində kitabın elmi əhəmiyyəti, I Bakı Türkoloji Qurultayının türkologiya elminin inkişafındakı rolu və arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxışında Birinci Türkoloji Qurultayın 100 illiyinin Bakıda geniş beynəlxalq formatda qeyd edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu yubileyin qeyd olunması yalnız tarixi hadisənin xatırlanması ilə məhdudlaşmır, həm də Türk dünyasının zəngin elmi və intellektual irsinin müasir elmi baxışlar əsasında yenidən dəyərləndirilməsi üçün mühüm imkan yaradır.
Professorun sözlərinə görə, türk dövlətləri arasında son illərdə genişlənən əməkdaşlıq elmi-humanitar sahədə də yeni təşəbbüslərin meydana çıxmasına şərait yaradıb. Bu baxımdan I Bakı Türkoloji Qurultayının irsinin araşdırılması və onunla bağlı arxiv sənədlərinin elmi ictimaiyyətə təqdim edilməsi xüsusi aktuallıq kəsb edir.
Tədbirdə çıxış edən professorlar Sayalı Sadıqova, Asif Rüstəmli, İlhami Cəfərov, dosent Dilqəm Əhmədov, Qətibə Mahmudova, Qətibə Quliyeva, Elçin İsmayılov, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivnin direktoru Könül Nəsibova və digər alimlər I Bakı Türkoloji Qurultayının Azərbaycan və ümumtürk elmi-mədəni fikir tarixindəki mövqeyindən bəhs ediblər. Qeyd olunub ki, 1926-cı ildə Bakıda keçirilən qurultay türk xalqlarının dil, ədəbiyyat və mədəniyyətinin elmi əsaslarla öyrənilməsi baxımından mühüm mərhələ təşkil edib.
Çıxışlarda vurğulanıb ki, qurultayın sənədlərinin bu gün yenidən elmi dövriyyəyə gətirilməsi yalnız keçmişin araşdırılması deyil, həm də türkoloji irsin müasir elmi düşüncə kontekstində dəyərləndirilməsi baxımından əhəmiyyətlidir. Bu mənada Akif Aşırlının kitabı Azərbaycan türkologiyasının zəngin mənbə bazasının üzə çıxarılması və gələcək tədqiqatlar üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından diqqətəlayiq nəşrlərdən biri kimi qiymətləndirilə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.