Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.09.2026 09:52
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib

Coğrafiya İnstitutunun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib

23–25 sentyabr 2026-cı il tarixlərində Mingəçevir şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Earth Systems, Green Energy and Regional Resilience” (ESGERR–2026) – “Yer sistemləri, yaşıl enerji və regional dayanıqlılıq” beynəlxalq elmi konfransı keçirilib.

ESGERR–2026 Coğrafiya İnstitutu üçün xüsusi əhəmiyyət daşıyan elmi tədbirlərdən biri olub. Bu, İnstitutun təşkilatçısı olduğu və materiallarının Scopus bazasında indeksləşdirilməsi nəzərdə tutulan ilk beynəlxalq elmi konfransdır. Konfrans İnstitutda aparılan tədqiqatların beynəlxalq elmi mühitə təqdim edilməsi, xarici alimlərlə əlaqələrin genişləndirilməsi və yeni elmi əməkdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət kəsb edib.

Konfransın əsas məqsədi Yer sistemlərində baş verən dəyişikliklər, iqlim dəyişmələri, yaşıl enerji, ekoloji problemlər və regional dayanıqlılıq sahəsində aparılan müasir tədqiqatların nəticələrini bir araya gətirmək, alimlər arasında elmi fikir və təcrübə mübadiləsini genişləndirmək, eləcə də bu istiqamətlərdə yeni əməkdaşlıqlar üçün elmi platforma yaratmaq olub.

Tədbirin açılış mərasimi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani  konfransın əhatə etdiyi elmi istiqamətlərin müasir dövrün aktual çağırışları ilə sıx bağlı olduğunu bildirib. O, iqlim dəyişmələrinin, təbii və antropogen proseslərin ərazi sistemlərinə təsirinin, yaşıl enerjiyə keçidin və regional dayanıqlılığın elmi əsaslarla araşdırılmasının əhəmiyyətini qeyd edib. Zaur İmrani bu istiqamətlərdə müxtəlif ölkələrin alimləri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin, birgə tədqiqatların aparılmasının və yeni elmi əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Coğrafiya İnstitutu konfransın elmi və təşkilati fəaliyyətində geniş şəkildə təmsil olunub. İnstitutun direktoru Zaur İmrani konfransın sədrlərindən biri olub, İnstitutun əməkdaşları isə Təşkilat və Redaksiya komitələrinin işində yaxından iştirak ediblər.

Konfransın plenar və bölmə iclaslarında Coğrafiya İnstitutunda aparılan tədqiqatların nəticələrini əks etdirən çoxsaylı elmi məruzələr təqdim olunub. Məruzələrdə Xəzər dənizi və sahil geosistemləri, iqlim dəyişmələri və təbii təhlükələr, yaşıl enerji potensialı, regional dayanıqlılıq, landşaft-ekoloji proseslər, su və torpaq ehtiyatları, biomüxtəliflik, turizm və rekreasiya, GIS və məsafədən zondlama texnologiyaları, regional inkişaf və digər aktual məsələlərə dair tədqiqatların nəticələri müzakirə edilib. Konfrans proqramında institut əməkdaşlarının çoxsaylı tədqiqatları yer alıb.

ESGERR–2026 geniş beynəlxalq iştirakla da yadda qalıb. Konfransın elmi və redaksiya fəaliyyətinə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Macarıstan, İspaniya, Rusiya, Belarus və digər ölkələrin universitet və elmi müəssisələrini təmsil edən alim və mütəxəssislər cəlb olunublar.

Üç gün davam edən konfrans çərçivəsində plenar və paralel bölmə iclasları təşkil olunub, müxtəlif elmi istiqamətlər üzrə məruzələr dinlənilib və müzakirələr aparılıb. Tədbir alim və tədqiqatçıların bir araya gəlməsi, müasir elmi problemlərin müxtəlif yanaşmalar əsasında müzakirəsi və gələcək birgə tədqiqatlar üçün yeni əlaqələrin qurulması baxımından səmərəli olub.

Coğrafiya İnstitutunun təşkilatçısı olduğu ilk Scopus indeksli beynəlxalq elmi konfransın keçirilməsi İnstitutun beynəlxalq elmi əməkdaşlığının genişləndirilməsi, əməkdaşların tədqiqat nəticələrinin nüfuzlu beynəlxalq elmi bazalarda təmsil olunması və gələcək beynəlxalq elmi layihə və nəşrlər üçün yeni imkanların yaradılması istiqamətində mühüm addım olub.

ESGERR–2026 Beynəlxalq Elmi Konfransı sentyabrın 25-də işini başa çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: