Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.09.2026 10:14
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutu Pekində keçirilən beynəlxalq Avrasiya seminarında

Ədəbiyyat İnstitutu Pekində keçirilən beynəlxalq Avrasiya seminarında

2026-cı il sentyabrın 17-dən 23-dək Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə “Rəqəmsallaşdırma, yaşıllaşdırma, müştərək transformasiya və dayanıqlı inkişaf” mövzusunda Avrasiya seminarı keçirilib.

Müxtəlif ölkələrdən alimlərin, tədqiqatçıların, ali təhsil müəssisələrinin nümayəndələrinin və müxtəlif sahələr üzrə mütəxəssislərin iştirak etdiyi seminar müasir dövrdə Avrasiya məkanında elmi, iqtisadi, texnoloji və humanitar əməkdaşlığın aktual istiqamətlərinin müzakirəsi baxımından mühüm platforma kimi diqqət çəkib.

Seminarda Azərbaycanı təmsil edən AMEA Ədəbiyyat İnstitutunun alimlərinin məruzələri dinlənilib. Nərgiz Kərimova ““Bir kəmər, bir yol” təşəbbüsü kontekstində Çin-Azərbaycan ədəbi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Çin–Azərbaycan ədəbi əlaqələrinin müasir mərhələsi, iki ölkə arasında humanitar və mədəni münasibətlərin inkişaf perspektivləri, eləcə də bu əlaqələrin “Bir kəmər, bir yol” təşəbbüsü kontekstində əhəmiyyəti diqqət mərkəzinə gətirilib.

Məruzədə vurğulanıb ki, ədəbi əlaqələr yalnız bədii əsərlərin qarşılıqlı tərcüməsi və yayılması ilə məhdudlaşmır. Bu əlaqələr xalqlar arasında mədəni anlaşmanın və qarşılıqlı tanımanın dərinləşdirilməsinə, eləcə də uzunmüddətli humanitar dialoqun formalaşmasına mühüm töhfə verir. Ədəbiyyat müxtəlif xalqların tarixi-mədəni təcrübəsinin, milli-mənəvi dəyərlərinin və dünyagörüşünün qarşılıqlı şəkildə öyrənilməsi üçün mühüm vasitələrdən biri kimi çıxış edir.

Seminarda Dilarə Əliyevanın “Çin və türk dünyası arasında ədəbi dialoq: müasir dinamika və perspektivlər” mövzusunda məruzəsi də dinlənilib. Məruzədə Çin ilə türk dünyası arasında ədəbi-mədəni münasibətlərin müasir inkişaf dinamikası və gələcək perspektivləri məsələləri diqqətə çatdırılıb. Qeyd olunub ki, son illərdə Çin ilə türk dövlətləri arasında siyasi-iqtisadi münasibətlərlə yanaşı, mədəniyyət, təhsil, elm və digər humanitar sahələrdə də əlaqələrin inkişafı müşahidə olunur. Bu prosesdə ədəbiyyat müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın və dialoqun dərinləşdirilməsinin mühüm vasitələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Seminar çərçivəsində Azərbaycan nümayəndələrinin iştirakı ilə elmi və humanitar əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda Çin tərəfinin nümayəndələri ilə Azərbaycan elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində Çin Elmlər Akademiyası, Ədəbiyyat İnstitutunun direktoru Dinq Quoqi ilə görüş keçirilib. Görüşdə Azərbaycan və Çin arasında elmi və humanitar əlaqələrin inkişafı, elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə və tədqiqat mübadiləsinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə ədəbiyyat və humanitar elmlərin xalqlar arasında mədəni dialoqun inkişafındakı rolu, eləcə də Azərbaycan və Çin alimləri arasında əlaqələrin gələcək perspektivləri diqqət mərkəzində olub.

Seminarın diqqətçəkən xüsusiyyətlərindən biri müxtəlif elm və fəaliyyət sahələrini bir araya gətirməsi olub. Rəqəmsallaşma və yaşıl transformasiya yalnız texniki və iqtisadi məsələlər deyil, eyni zamanda cəmiyyətin sosial quruluşuna, təhsil sisteminə, elmə, mədəniyyətə və humanitar münasibətlərə təsir göstərən çoxşaxəli proseslər kimi nəzərdən keçirilib. Bu baxımdan müasir transformasiya proseslərinin müxtəlif elmi istiqamətlərin qarşılıqlı əlaqəsi və multidissiplinar yanaşma əsasında öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan nümayəndə heyətinin humanitar, texniki və iqtisadi istiqamətləri əhatə etməsi seminarın multidissiplinar xarakterinə uyğun olaraq ölkəmizin müxtəlif elm sahələri üzrə elmi potensialının təqdim olunması baxımından əhəmiyyətli olub.

Avrasiya Seminarı çərçivəsində aparılan fikir mübadilələri və keçirilən görüşlər Çin, Azərbaycan və digər Avrasiya ölkələri arasında elmi, mədəni və humanitar əməkdaşlığın inkişafı üçün yeni imkanların müzakirəsinə şərait yaradıb. Tədbir müxtəlif ölkələrin alimləri arasında elmi əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: