AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 27 Sentyabr -Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğurunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrindən, zaman-zaman xalqımızın başına gətirilən faciələr haqqında danışıb. Azərbaycan torpaqlarına hər zaman düşmənlərin göz dikdiyini qeyd edən baş direktor bildirib ki, ermənilər hər zaman bizim torpaqlarımıza qarşı iddialarla çıxış ediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın işğalı haqqında danışan professor Qurban Yetirmişli 2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharivəsində qazanılmış qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə etməyə çalışsa da qarşı tərəfin təxribatçı davranışları sonda torpaqlarımızın müharibə yolu ilə qaytarılması üçün əsas oldu.
Professor Qurban Yetirmişli bildirib ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabr ayında keçirilən 23 saatlıq antiterror əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.
“Azərbaycan xalqı öz Ali Baş Komandanının və ordusunun ətrafına bir yumruq kimi birləşərək, öz torpaqlarını düşmən tapdağından azad etdi. Baxmayaraq ki, 30 ildən çox idi ki, dünyadakı bəzi güc mərkəzləri və ermənipərəst dövlətlər bu münaqişənin həllinə imkan vermirdilər. Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti, xalqımızın birliyi və Müzəffər Ordumuzun - qəhrəman oğullarımızın, əsgər və zabitlərimizin, dünya ordularına örnək olan misilsiz qəhrəmanlıqları sayəsində torpaqlarımız işğaldan azad olundu. Xalqımızın 30 illik torpaq nisgilinə son qoyuldu. 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq antiterror əməliyyatı ilə rəşadətli ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Tarixi ədalət bərpa olundu. Bu tarixi qələbəni bizə Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Ordumuz, əsgər və zabitlərimiz, şəhidlərimiz və qazilərimiz qazandırdı. Bu Qələbəyə görə hər birimiz onlara minnətdarıq. Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycan Respublikasının dövlət bayrağı bütün ərazilərimizdə vüqarla dalğalanır. Bu gün biz bu qələbəyə, bu zəfərə görə Cənab Ali Baş Komandanımıza, ordumuza, əsgər və zabitlərimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu gün Qarabağımız abadlaşır, yenidən qurulur. Erməni işğalçıları tərəfindən hər cür işgəncə və əzabla, zorla öz torpaqlarından çıxarılan insanlar bu gün böyük sevinc və fərəhlə öz yurdlarına dönürlər. Allah Vətən torpaqları uğurunda canından keçən, hər birinin şücayəti bir qəhrəmanlıq dastanına çevrilən şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə sağlıqlarına qovuşmağı, xalqımıza isə hər zaman gözəl günlər yaşamağı nəsib etsin” .
Sonda RSXM-nin Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən şəhidlərimizin ölməz xatirəsinə həsr olunmuş “Hərə bir qəhrəman oldu” adlı videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.