Sentyabrın 25-də AMEA Naxçıvan Bölməsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə çıxış edərək 1990-cı illərdə ölkəmizdə hökm sürən mürəkkəb siyasi-ideoloji vəziyyətdən danışıb. Akademik qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik təməllər üzərində qurduğu dövlətçilik strategiyasının uğurlu davamı 30 ildən sonra onun layiqli varisi Prezident İlham Əliyevin qətiyyətli xarici və daxili siyasəti ilə qazanılan tarixi Zəfərdir.
Akademik İsmayıl Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayaraq, bu Qələbənin Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi, xalqımızın dəmir yumruq kimi birləşməsi, ordumuzun peşəkarlığı və şəhidlərimizin qanı-canı bahasına qazanıldığını və nəticədə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğunu bildirib. Eyni zamanda, bu gün işğaldan azad olunmuş torpaqlarda “Böyük Qayıdış” Dövlət Proqramının uğurla icra olunduğu, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdaraq əmin-amanlıq içində yaşadıqları diqqətə çatdırılıb.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Qırx dörd günlük Vətən müharibəsinə gedən yol” adlı məruzəsində illərdir, aparılan uğurlu ordu quruculuğunun, ölkənin iqtisadi qüdrətinin güclənməsinin, beynəlxalq müstəvidə qazanılan diplomatik uğurların və gənclərdə formalaşan sağlam vətənpərvərlik ruhunun Qələbəni şərtləndirən əsas amillər olduğunu qeyd edib.
2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və Tovuz döyüşlərində əldə edilən inamlı qələbələrin böyük Zəfərə gedən yolda mühüm hərbi-strateji mərhələlər olduğunu bildirən Asəf Orucov 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə 44 günlük Vətən müharibəsində inamlı Zəfər əldə edildiyini qeyd edib.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Müzəffər Ali Baş Komandan İlham Əliyev və Vətən müharibəsi” adlı məruzəsində dövlət başçısının müharibə dövründə sərgilədiyi qətiyyətli siyasi iradədən, prinsipial mövqedən və misilsiz sərkərdəlik məharətindən danışıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin həm döyüş meydanında, həm də informasiya cəbhəsində atdığı uzaqgörən addımlar, xalqa ünvanladığı müraciətlər, eləcə də aparıcı xarici KİV-lərə verdiyi sərrast və dərin məzmunlu müsahibələr Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırıb. Həmçinin 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa bəyannaməsindən danışan Yaşar Rəhimov gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin, xüsusilə də Naxçıvanın geosiyasi və iqtisadi mövqeyinin daha da güclənəcəyini bildirib.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Tarixi Şuşa döyüşləri” adlı məruzəsində Azərbaycan hərb tarixində xüsusi yeri olan Şuşa əməliyyatından danışaraq vurğulayıb ki, alınmaz qala hesab edilən Şuşanın azad edilməsi müharibənin taleyində həlledici amil olub. Azərbaycan əsgər və zabitlərinin heç bir ağır texnikadan istifadə etmədən, əlçatmaz sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlərlə Şuşanı azad etməsi dünya hərb tarixinə düşən misilsiz bir qəhrəmanlıq salnaməsidir. Musa Quliyev bu qəhrəmanlıq tarixini dərindən öyrənməyin, yaşatmağın və gələcək nəsillərə ötürməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Firudin Rzayev 44 günlük müharibəsi ilə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki, istər Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulur, onların göstərdiyi qəhrəmanlıq irsi gələcək nəsillərə ötürülərək yaşadılır.
Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.