Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.09.2026 15:49
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş elmi sessiya keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Vətən eşqi məktəbində can verməyə öyrənmişik” mövzusunda elmi sessiya keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin qəti əmri ilə başlanan əks-hücum əməliyyatları düşmənin planlarını alt-üst etdi. Qəhrəman ordumuz illərdir güclü dövlətlərin və nüfuzlu beynəlxalq qurumların həll edə bilmədiyi münaqişəyə cəmi 44 gün ərzində son qoyaraq erməni silahlı birləşmələrini darmadağın etdi.

G.Baxşəliyeva dövlət başçısının yorulmaz fəaliyyəti sayəsində qazanılan mühüm siyasi-diplomatik qələbələrin bu zəfərə güclü zəmin yaratdığını vurğulayıb. Onun sözlərinə görə, xalqımızın bir yumruq kimi sıx birləşməsi və dəmir iradəsi qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq tarixinə nöqtə qoyuldu, bununla da ölkəmizin ərazi bütövlüyü, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu misilsiz qələbə qızıl hərflərlə Azərbaycan tarixinə həkk edildi.

Vətən müharibəsinin xalqımızın şanlı qürur mənbəyi olduğunu bildirən akademik hər il sentyabrın 27-sinin ölkəmizdə Anım Günü kimi qeyd olunduğunu xatırladıb. O qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən igid oğullarımıza, bütün şəhidlərimizə olan sonsuz ehtiramın təzahürüdür və onların əziz xatirəsi hər zaman uca tutulacaq.

Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Lalə Bayramova “Şəhidlikdən Zəfərə, Zəfərdən Quruculuğa” mövzusunda məruzə edib. Məruzədə Vətən müharibəsi və Qarabağ Zəfərinin tarixi əhəmiyyəti, şəhidlərimizin bu Zəfərin əldə olunmasındakı rolu və Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi təhlil olunub. Həmçinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik xətti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə Qarabağ məsələsi ilə bağlı həyata keçirilən siyasətə nəzər salınıb. Xüsusi olaraq şərqşünaslığın, elmin və informasiya mübarizəsinin Qarabağ həqiqətlərinin öyrənilməsi, qorunması və beynəlxalq elmi mühitə çatdırılmasındakı rolu vurğulanıb.

Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “27 Sentyabr - şəhidlərimizin anım günü, milli birliyimizin zəfər günü” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, 27 sentyabr Ermənistanın hərbi təxribatına cavab olaraq başlanan və 30 illik işğala son qoyan Vətən müharibəsinin başlanğıc günü, eyni zamanda ölkəmizdə rəsmi Anım Günü kimi qeyd olunur. Azərbaycanın bu əməliyyatı dinc əhalini qorumaq üçün zəruri cavab tədbiri kimi başladığını deyən X.Ələkbərova, onun xalqın dəmir yumruq kimi birliyi sayəsində əsl Vətən savaşına çevrildiyini vurğulayıb. Məruzəçi qeyd edib ki, biz 2020-ci il 27 sentyabrda dünyaya bir mesaj verdik və bu mesajı hər il bir daha dünyaya xatırladırıq. Biz əzəmətli xalqıq, heç kəsin torpağında gözümüz yoxdur, kimsə də bizdən bir ovuc torpaq ala bilməz. Biz bu şərəfli tariximizi və şəhidlərimizi anırıq.

Aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva “Vətən müharibəsi: tarixi yaddaş və elmi məsuliyyət” mövzusunda məruzəsində bildirib ki, bu günün mahiyyəti yalnız hərbi hadisələrin xatırlanması ilə məhdudlaşmır. 27 sentyabr, ilk növbədə, Vətən uğrunda həyatını fəda etmiş insanların xatirəsinə ehtiram, milli yaddaşın qorunması və gələcək nəsillər qarşısında məsuliyyət hissidir. Məruzəçi qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi Azərbaycan tarixinin mühüm mərhələlərindən biri kimi ölkəmizin ictimai-siyasi, hərbi və mənəvi həyatında əhəmiyyətli dəyişikliklər yaratdı. 44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticələr əldə edildi. L.Əliyeva əlavə edib ki, Vətən müharibəsinin və onun yaratdığı tarixi proseslərin hərtərəfli tədqiqi gələcək Azərbaycan tarixşünaslığı qarşısında duran mühüm vəzifələrdən biridir.

İnstitutun Gənc alim və Mütəxəssislər Şurasının sədri Nazim Mənsimov “27 Sentyabr – Anım Günü: gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti” mövzusunda məruzəsində qeyd edib ki, gənc alim və mütəxəssislər yalnız hazırkı elmi biliklərin daşıyıcısı deyil, həm də gələcək elmi yaddaşın formalaşdırıcılarıdır. Biz Vətən müharibəsi və onun nəticələri ilə bağlı hadisələri emosional yaddaşdan akademik yaddaşa keçirməliyik. Bu, o deməkdir ki, hadisələr müxtəlif mənbələr əsasında araşdırılmalı, ilkin sənədlər toplanmalı, şahid ifadələri sistemləşdirilməli, xəritələr, fotoşəkillər, video materiallar, diplomatik sənədlər və digər tarixi mənbələr elmi dövriyyəyə daxil edilməlidir. Çünki tarix yalnız xatırlamaq deyil, həm də sənədləşdirməkdir.

Vətən müharibəsində Azərbaycan gənclərinin həm hərbi, həm də ictimai baxımdan mühüm rol oynadıqlarını deyən məruzəçi, müharibədən sonrakı dövrdə gənclərin qarşısında başqa bir vəzifənin dayandığını vurğulayıb: “Əldə edilmiş tarixi nəticələri elmi, intellektual və institusional nailiyyətlərlə möhkəmləndirmək. Biz öz sahəmizdə nə qədər peşəkar olsaq, nə qədər yeni tədqiqatlar aparsaq, nə qədər elmi əsərlər yaratsaq və Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasına töhfə versək, şəhidlərimizin bizə əmanət etdiyi Azərbaycanın gələcəyinə bir o qədər böyük töhfə vermiş olarıq”.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: