AMEA Memarlıq və İncəsənət İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib.
Əvvəlcə Vətən müharibəsində canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə bildirib ki, sentyabr ayı Azərbaycan tarixində mühüm hadisələrlə yadda qalan aylardan biridir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan xalqının Zəfəri ilə başa çatdı. Müharibə zamanı Azərbaycan Ordusu ilə yanaşı, informasiya cəbhəsində də mühüm uğurlar əldə edildi və ölkəmizin mövqeyi dünya ictimaiyyətinə çatdırıldı.
Sentyabr 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təmin edildi.
Sentyabr ayı həm də Azərbaycanın iqtisadi tarixində mühüm hadisə ilə bağlıdır. 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi inkişafına, enerji potensialının güclənməsinə və dövlətimizin imkanlarının genişlənməsinə mühüm töhfə verdi.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Qarabağda müasir şəhərlər və kəndlər salınır, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri reallaşdırılır, insanların doğma yurdlarına qayıdışı təmin olunur.
Bütün bunlar Azərbaycanın gücünün, xalqımızın həmrəyliyinin və dövlətimizin ardıcıl inkişaf siyasətinin nəticəsidir. Əsas vəzifəmiz əldə olunan Zəfəri qorumaq, quruculuq prosesini davam etdirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır.
İnstitutun Musiqi folkloru şöbəsinin elmi işçisi Fəridə Mirişova “Şəhidlərin xatirəsi Azərbaycan musiqisində: ənənədən müasir yaradıcılığa” adlı məruzəni təqdim edib. Qeyd edilib ki, Azərbaycan musiqisində şəhidlərin xatirəsi xalqın tarixi yaddaşının və milli dəyərlərinin mühüm ifadəsidir. Ağı və mərsiyə ənənələrindən qaynaqlanan bu mövzu müasir bəstəkarlıq yaradıcılığında mahnı, simfonik və vokal-instrumental əsərlərdə öz əksini tapır. Bu əsərlərdə şəhidlərin qəhrəmanlığı, Vətən sevgisi və milli həmrəylik tərənnüm olunur. Ənənəvi musiqi irsi müasir yaradıcılıqla birləşərək şəhidlərin xatirəsinin yaşadılmasına xidmət edir.
Çıxışının sonunda sözləri Tahir Rzaya, musiqisi Fəridə Mirişovaya aid olan vətənpərvər ruhda bəstələnən “Zəfər sizinlədir” mahnısı səsləndirilib.
Daha sonra Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi Oksana Məmmədova “Azərbaycan rəssamlarının əsərlərində Şuşa obrazı (işğal dövründə)” adlı məruzə ilə çıxış edib.
İşğal dövründə Azərbaycan rəssamlarının əsərlərində Şuşa şəhərinin daha çox həsrət, ağrı və itki simvolu kimi təsvir olunduğunu söyləyib. Qeyd olunub ki, rəssamlar şəhərin tarixi-mədəni abidələrini, təbiətini və keçmiş gözəlliyini göstərərək Şuşaya qayıdış arzusunu ifadə edirdilər. Azərbaycan rəssamlarının işğal illərində yaratdığı Şuşa obrazı şəhərin fiziki görünüşünü qorumaqla yanaşı, onun milli-mənəvi yaddaşda yaşadılmasına və azadlıq ideyasının sənət vasitəsilə ifadəsinə xidmət etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.