Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.09.2026 16:32
  • A-
  • A
  • A+

“Zəfər tariximiz sətirlərdə”

“Zəfər tariximiz sətirlərdə”

Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının və Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə rayon mərkəzindəki Qələbə Parkında “Zəfər tariximiz sətirlərdə” adlı tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsinə aid, eləcə də şəhid olmuş kürdəmirli həmvətənlərimizə həsr olunmuş fotoşəkillər, şəhidlərimizin xatirəsinə həsr edilmiş kitablar sərgilənmiş və təqdim  etdirilib.

Tədbiri giriş sözü ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı açaraq Azərbaycan xalqının çoxəsrlik tarixində Vətən və torpaq anlayışının mühüm yer tutduğunu qeyd edib və Qarabağ mövzusunun Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə öz əksini tapmasından bəhs etdi. O, I və II Qarabağ müharibələrinin xalqımızın yaddaşında dərin iz buraxdığını, 44 günlük Vətən müharibəsinin isə Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birinə çevrildiyini vurğulayıb.

Filial müdiri çıxışında şəhidlərimizin qəhrəmanlığının və onların əziz xatirəsinin yaşadılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu tarixi hadisələrin ədəbiyyatda, kitab və sənədlərdə əks etdirilməsinin gələcək nəsillər üçün əhəmiyyətini də qeyd edib. O, “Zəfər tariximiz sətirlərdə” adlı vətənpərvərlik mövzusunda yazılmış və eyni zamanda şəhidlərimizə həsr olunmuş kitabların sərgilənməsi və təqdimatında öz qısa, lakin şərəfli ömürlərini vətənə fəda edən şəhidlərdən bəhs edən kitablar haqqında ziyarətçilərə geniş məlumat verib.                         

Kürdəmir rayon Tarix-diyarşünaslıq muzeyinin direktoruı Altay İslamzadə tariximizin qızıl səhifələrini yazan qəhrəman oğullarımızın əbədi ehtirama layiq olmaları və xalqın yaddaşında əbədi yaşayacaqlarını vurğulayaraq yeniyetmələrə tövsiyələrini verib.

Tədbirdə çıxış edən yazıçı Əlisəfa Azayev I Qarabağ və II Qarabağ müharibələrinə, Zəfər tariximizə və şəhidlərimizin həyat və döyüş yoluna həsr etdikləri əsərləri haqqında iştirakçılara məlumat verib. Tədbirdə iştirak edən müəlliflər gəncləri maraqlandıran sualları cavablandırdılar və belə tədbirlərin   məhz Vətən müharibəsinin, şəhidlərimizin qəhrəmanlıq yolunun və Zəfər tariximizin ədəbi nümunələr və kitablar vasitəsilə təbliğinə xidmət etdiyini bildiriblər.

Tədbir iştirakçılarından Aida Adıgözəl, Nurlan Abdullayev, Vəsilə Əsgərli, Əhsən Qaybalıyev, Gülnar Məmmədova nümayiş etdirilən kitab və fotoşəkillərlə tanış olmuş, Vətən müharibəsinin tarixi, şəhidlərimizin qəhrəmanlığı və onların xatirəsinin ədəbiyyatda yaşadılması ilə bağlı fikirlərini bölüşüblər. 

Tədbirdə şəhid ailələri, orta ümumtəhsil məktəblərinin, məktəbəqədər müəssisələrin, idarə və müəssisələrin nümayəndələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: