Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və onun Bakı bölməsində 27 sentyabr – Anım Gününə həsr olunmuş "Ölməz qəhrəmanlar" adlı tədbir keçirilib.
Öncə vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Sonra rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək bildirib ki, 27 sentyabr xalqımızın yaddaşında Vətən müharibəsinin ilk gününün və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin yaşadıldığı mühüm tarixdir. O qeyd edib ki, şəhidlərin həyat yolu və göstərdikləri qəhrəmanlıq Azərbaycan xalqının milli yaddaşının ayrılmaz hissəsinə çevrilib. Namiq Cəlilov həmçinin rəsədxanada çalışan müharibə iştirakçılarına, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov isə öz çıxışında 2020-ci ilin sentyabrında başlayan hərbi əməliyyatlara aparan tarixi proseslərdən söz açıb. O, uzun illər davam edən işğal nəticəsində bir milyondan çox insanın öz doğma yurdlarından didərgin düşməsini, Azərbaycanın beynəlxalq səviyyədə ərazi bütövlüyünün bərpası ilə bağlı apardığı ardıcıl siyasəti və münaqişənin həlli istiqamətində göstərilən səyləri diqqətə çatdırıb. Bildirib ki, həmin dövrün tarixi hadisələrinin öyrənilməsi və gələcək nəsillərə düzgün çatdırılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra “Elmi əlaqələr və təşkilati məsələlər” şöbəsinin müdiri, f.r.f.d. Kamal Hüseynov kürsüyə dəvət olunub. O, Vətən müharibəsinin gedişində Azərbaycan Ordusunun qarşıya qoyulan hərbi-strateji vəzifələri ardıcıl şəkildə yerinə yetirməsindən danışıb. O, döyüşlər zamanı müxtəlif qoşun növlərinin əlaqəli fəaliyyətinin, peşəkar hərbi hazırlığın və müasir idarəetmə imkanlarının əhəmiyyətini vurğulayıb. Kamal Hüseynov qeyd edib ki, Vətən müharibəsində əldə olunan təcrübə Azərbaycan Ordusunun müasir hərb sahəsində qazandığı mühüm nəticələrdən biri kimi tarixə düşüb.
Çıxışların yekununda 27 sentyabr - Anım Gününə həsr olunmuş "XXI əsrin igidlik salnaməsi" adlı video-çarx nümayiş etdirilib.
Bakı bölməsində keçirilən analoji tədbirdə isə "İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr" şöbəsinin müdiri Orxan Salehli ölkəmizin qəhrəman oğullarının şücaətinin xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb. O, Anım Gününün qeyd olunmasının şəhidlərin xatirəsinin yaşadılması ilə yanaşı, gənc nəslin milli-mənəvi dəyərlər və vətənə bağlılıq ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. Çıxışında şəhidlər haqqında məlumatların, onların həyat və döyüş yollarının cəmiyyətə çatdırılmasının tarixi yaddaşın qorunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
“Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, astronomiya eelmləri doktoru, dosent Canməmməd Rüstəmov isə öz növbəsində Qarabağın Azərbaycanın tarixində və milli yaddaşında tutduğu xüsusi yerdən bəhs edib. O, uzun illər işğal altında qalan ərazilərimizin tarixi və mədəni irsinin qorunmasının, həmin torpaqlarda aparılan bərpa və quruculuq işlərinin əhəmiyyətini vurğulayıb. Canməmməd Rüstəmov qeyd edib ki, Qarabağda həyatın yenidən canlandırılması şəhidlərin uğrunda mübarizə apardığı torpaqlarda gələcəyə inamın mühüm göstəricisidir.
Növbəti natiq - ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fazil İsmayılov isə öz çıxışında Vətən müharibəsi zamanı Azərbaycan hərbçilərinin nümayiş etdirdiyi şəxsi şücaət və fədakarlıqdan danışıb. O, döyüşlərdə iştirak edən hərbçilərin mürəkkəb şəraitdə göstərdikləri qətiyyətin və peşəkarlığın Qələbənin əldə olunmasında mühüm rol oynadığını bildirib. Fazil İsmayılov xüsusilə şəhidlərin və qazilərin göstərdiyi igidliyin gənc nəsil üçün nümunə olduğunu qeyd edib.
Daha sonra "Elmi nəticələrin işlənməsi və nəşr" sektorunun əməkdaşı Arif Qənbərov çıxış edərək Vətən müharibəsinin Azərbaycan cəmiyyətində yaratdığı birlik və həmrəylikdən bəhs edib. O bildirib ki, müharibə günlərində cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşməsi xalqımızın milli iradəsini və həmrəyliyini nümayiş etdirib. Arif Qənbərov qeyd edib ki, həmin dövrdə hər bir vətəndaşın öz imkanları daxilində göstərdiyi dəstək ümumi həmrəyliyin mühüm ifadəsinə çevrilib və bu birlik hissinin qorunması gələcək nəsillər üçün də əhəmiyyətlidir.
Hər iki tədbirdə çıxış etmək istəyən ŞAR əməkdaşlarına söz verilib və çıxışlar dinlənilib. Tədbirin rəsmi hissəsindən sonra rəsədxana rəhbərliyi və əməkdaşlar tərəfindən Şamaxı şəhidlər xiyabanı ziyarət olunub, şəhid məzarları önünə tər güllər düzülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.