Sentyabrın 25-də AR ETN Molekulyar Biologiya İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl institutun direktoru v.i.e. akademik İradə Hüseynovanın rəhbərliyi ilə institut kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
İnstitutda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Anım Gününə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən akademik İradə Hüseynova Vətən müharibəsinin başlanması, 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şəhid və qazilərimizin Vətən qarşısındakı xidmətləri, eləcə də Azərbaycanın qazandığı Zəfər barədə ətraflı danışıb. O bildirib ki, 27 Sentyabr xalqımızın yaddaşında həm Vətən müharibəsində canından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edildiyi, həm də Azərbaycanın Zəfərə aparan yolunun başlanğıcı kimi xüsusi yer tutur. Qeyd edib ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş hərbi qulluqçuların və bütün şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Akademik İradə Hüseynova çıxışında deyib: “Bu tarix xalqımızın yaddaşında həm dərin hüzn və ehtiramla, həm də milli qürur hissi ilə qeyd edilir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın birlik və həmrəyliyini, dövlətimizin və Azərbaycan Ordusunun gücünü və qüdrətini nümayiş etdirdi. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın uzun illər işğal altında olmuş ərazilərinin böyük hissəsi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş ruhu və xalqımızın birliyi sayəsində Azərbaycan tarixi Zəfər qazandı və ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə edildi. Bu Zəfərin əldə olunmasında şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq xüsusi yer tutur”.
Natiq həmçinin 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırıldığını, sənədə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarıldığını diqqətə çatdırıb.
Çıxışında Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə, şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya da toxunan akademik İradə Hüseynova şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlıq yolunun gənc nəslə çatdırılmasının mühüm mənəvi və ictimai əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərin həyat və döyüş yolunun təbliği, onların əziz xatirəsinin daim uca tutulması hər birimizin mənəvi borcudur.
Akademik İradə Hüseynova çıxışını bu sözlərlə yekunlaşdırıb: “Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi Azərbaycan tarixinin şanlı səhifələrində və xalqımızın yaddaşında əbədi yaşayacaq”.
Tədbirdə AMEA-nın müxbir üzvü Novruz Quliyev, professor Könül Baxşəliyeva, şəhid qardaşı Fəzail Məmmədov və kadrlar üzrə mütəxəssis Mehriban Əhmədova çıxış ediblər. Çıxışlarda 27 Sentyabr – Anım Gününün Azərbaycanın müasir dövlətçilik tarixində mühüm yeri qeyd olunub, Vətən müharibəsində şəhid və qazilərin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs edilib. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.
Tədbirin sonunda institutun gənc əməkdaşları Alidə Qluzadə və Elvina Cahangirli şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.