Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.09.2026 12:16
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Anım Gününə həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunda Anım Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti PHŞ tabeliyində Polimer Materialları İnstitutunda  27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

İnstitutun direktor vəzifəsini icra edən texnika elmləri doktoru, professor Fariz Əmirli Elmi şuranın Anım Gününə həsr olunan iclasını giriş sözü ilə açaraq Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində torpaqlarımızın işğaldan azad edildiyindən söz açıb. Şəhidlərin göstərdiyi misilsiz qəhrəmanlığın və rəşadətli Ordumuzun fədakarlığının gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. İclasda iştirak edən Vətən müharibəsi iştirakçıları – Təchizat və xidmət şöbəsinin iş icraçısı Şəmsəddin Hüseynov, mühəndis Vaqif İbrahimovun timsalında bütün qazilərə cansağlığı, institutumuzun əməkdaşı Təchizat və xidmət şöbəsinin çilingəri Gülоğlаn Murаdоvun oğlu Bəxtiyar Muradovun timsalında şəhidlərə Allahdan rəhmət diləyib.

Daha sonra Vətən müharibəsi haqqında çıxışlar dinlənilib. Çıxışlarda 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyulduğu və tarixi ədalətin bərpa olunduğu bildirilib. Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il Anım Gününün qeyd edilməsinin gələcək nəsillər üçün nümunə olacağı bildirilib. 2023-cü ilin sentyabrın 20-də keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin məntiqi davamı kimi qiymətləndirilib. 

Tədbir şəhid bulağının önündə davam edib, gül dəstələri qoyulub, şəhidin ruhuna dualar oxunub və onun müqəddəs xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb. Tədbir şəhidlərə olan dərin ehtiram və minnətdarlıq hissləri ilə başa çatıb.

İnstitutda keçirilən tədbirdən sonra Sumqayıt Şəhidlər xiyabanına ziyarət təşkil olunub, şəhidin məzarı ziyarət olunub, Vətən uğrunda canından keçən qəhrəmanların ruhlarına dualar oxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: