AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, elmi-tədqiqat müəssisəsinin YAP ərazi təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş “Şəhidlər – Ana torpağımızdakı silinməz yazılar” adlı tədbir keçirilib.
Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən təsis edilmiş “27 Sentyabr – Anım Günü”nün vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu diqqətə çatdırıb. Xalqımızın Zəfər tarixinin yazılmasında misilsiz fədakarlıq göstərən həmvətənlərimizin qəhrəmanlığından söz açan alim onların Vətən sevgisinin və müqəddəs xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib.
Giriş nitqindən sonra çıxış üçün söz məruzəçilərə verilib.
Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilova “Bəhruz Əliyev – Maştağa şəhidi”, Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadə “Vətənə yazılmış ömür”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Jalə Rüstəmova “Üç günlük vüsaldan əbədi zəfərə” və Əlyazmaların elektron resursları şöbəsinin baş mütəxəssisi Ofelya Kazımova “Vətən yolunun qəhrəmanı – Əkrəm Şadmanov” mövzularında məruzə edib, çıxışlarında qəhrəman oğullarımızın 44 gün davam edən Vətən müharibəsində əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirdiyini, öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiklərini vurğulayıblar.
Daha sonra institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadənin və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın məruzələr ətrafında çıxışları dinlənilib. Biblioqrafiya şöbəsinin baş biblioqrafı Təranə Cavadova müəllifi olduğu “Vətən deyəndə!” adlı şeirini səsləndirib.
Tədbir çərçivəsində Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən videoslayd nümayiş olunub. İştirakçılar Əlyazmalar İnstitutunun Kitabxanasının “27 Sentyabr – Anım Günü” münasibəti ilə hazırladığı kitab sərgisi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.