Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.05.2016 16:36
  • A-
  • A
  • A+

“İrəvanın maddi və mənəvi irsi” mövzusunda elmi-praktik konfrans keçirilib

“İrəvanın maddi və mənəvi irsi” mövzusunda elmi-praktik konfrans keçirilib

Mayın 25-də AMEA-nın Əsas binasında gənc tədqiqatçıların “İrəvanın maddi və mənəvi irsi” mövzusunda elmi-praktik konfransı keçirilib.

Tədbir AR Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən təşkil olunub.

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi orta əsr şəhər mədəniyyətinə malik Azərbaycanın İrəvan şəhəri, onun dövlətçiliyimizin tarixindəki yeri, ictimai-siyasi və mədəni rolunu və eyni zamanda, bu qədim torpaqlarımıza köçürülmüş ermənilərin tarixi saxtalaşdırmalarını elmi əsaslarla araşdırmaqdan ibarətdir.

Tədbirdə İrəvanın maddi-mədəniyyət abidələrinin, mənəvi irsin tədqiqi və təbliğində gənc tədqiqatçıların rolunun genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Alim deyib: “İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib”.

Y.Mahmudov qeyd edib ki, Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” kitabı Azərbaycan, ingilis, rus, rumın, italyan, ispan və ərəb dillərində çap olunub. Alim vurğulayıb ki, ermənilərin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir. Təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr edib.

Milli Məclisin deputatları Qənirə Paşayeva, Musa Qasımlı və digər çıxış edənlər də İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəklikləri dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Sonra gənc tədqiqatçıların “İrəvan - qədim Azərbaycan torpağı (mədəni-tarixi aspektdə”, “İrəvan şəhəri – erməni terrorunun ilk hədəfi”, “İrəvanın azərbaycanlı ziyalılarının maarifçilik fəaliyyəti (XIX–XX əsrlərdə)”, “İslam memarlıq abidələri sırasında İrəvan məscidləri”, “Azərbaycanın qala şəhəri – İrəvan”, “İrəvanda Azərbaycan incəsənəti nümunələri (tarixi aspektdə)” və digər mövzularda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: