Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva
12.10.2026 10:05
  • A-
  • A
  • A+

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Azərbaycan romantizminin görkəmli nümayəndəsi Məhəmməd Hadinin yaradıcılığında cəhalət yalnız elmsizlik deyil, həm də Şərq ölkələrinin tərəqqisinə, insanın mənəvi və intellektual inkişafına mane olan ictimai bəla kimi geniş məzmun kəsb edir. Şairin fikirlərinin müasir dövr üçün aktuallığı da insanı və cəmiyyəti əsarətdə saxlayan əsas amillərdən biri kimi yanlış təsəvvürlərin ictimai rəyin formalaşmasına təsirində, düşüncənin məhdudlaşdırılmasında özünü göstərir.

Bu fikirləri açıqlamaslnda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan müzakirələrlə bağlı açıqlamasında deyib.

O bildirib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin – M.F.Axundzadə, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir və M.Hadi kimi mütəfəkkir və ədiblərin yaradıcılığında elmin və təhsilin əhəmiyyəti, xurafat və mövhumatın tənqidi mühüm yer tuturdu. M.F.Axundzadənin dünyəvi düşüncəyə əsaslanan baxışlarında da dövlət və din münasibətləri, dini ehkamlara kor-koranə bağlılığın cəmiyyətin inkişafına təsiri məsələləri xüsusi əhəmiyyət daşıyırdı.

“Dini inanc insanın mənəvi dünyasının və şəxsi etiqadının bir hissəsidir. Lakin hər hansı bir inancın kor-koranə, yad təsirlərlə təbliği cəhalətə və fanatizmə yol aça bilər. Bu baxımdan cəhalətə qarşı mübarizə ilə dinə qarşı mübarizəni eyniləşdirmək olmaz. Əfsuslar olsun ki, Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi ilə bağlı qərarı son günlər sosial şəbəkələrdə əsassız müzakirələrə səbəb olub, yanlış təsəvvürlərin formalaşmasına zəmin yaradıb. Tərəfləri qarşı-qarşıya qoymaq, dünyəvi təhsil və dini inanclar arasında qarşıdurma yaratmaq əvəzinə, elmi biliklərə, sağlam ictimai mühitə və qarşılıqlı hörmətə əsaslanan məktəb mühitinin formalaşdırılmasına üstünlük verilməlidir. Müasir cəmiyyətin inkişafında əsas meyarlardan biri insanın düşünmək, elmi biliklər əldə etmək, öyrənmək və müstəqil, suveren dövlətin inkişafına töhfə vermək imkanlarının genişləndirilməsidir. Təhsil müəssisələrində sağlam mühitin yaradılması da şagirdlərin dünyagörüşünün formalaşması, biliklərə yiyələnməsi və müstəqil düşüncə qabiliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Günay Qarayeva qeyd edib.

O əlavə edib ki, Məhəmməd Hadinin bir əsrdən artıq əvvəl səsləndirdiyi cəhalətə qarşı çağırışın müasir mənası da məhz budur: insanı və cəmiyyəti tərəqqiyə aparan yol dini xurafatdan deyil, elmdən, maarifdən və azad düşüncədən keçir.

AzərTac

  • Paylaş: