AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında bələdçilik fəaliyyətinin yenidən təşkili ilə əlaqədar elan edilmiş könüllülük layihəsi çərçivəsində müsahibə mərhələsi keçirilib.
7, 9 və 10 oktyabr tarixlərində təşkil olunan müsahibələrdə layihəyə müraciət edən namizədlərlə görüşlər keçirilib, onların bilik və bacarıqları, ünsiyyət qabiliyyətləri, tarix və arxeologiya sahəsinə maraqları qiymətləndirilib. Həmçinin namizədlərin muzey mühitində fəaliyyət göstərmək, ziyarətçilərlə işləmək və ekspozisiyada nümayiş olunan arxeoloji materiallar haqqında məlumat vermək potensialı nəzərdən keçirilib.
Müsahibə mərhələsində və layihənin təşkilində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, “Elmi ekspozisiyanın təşkili” şöbəsinin müdiri Orxan Zamanov, institutun elmi işçisi Günel Vəliyeva, həmçinin şöbənin əməkdaşları Nuranə Abdullayeva, Nahidə Quliyeva, Türkan Əliyeva, Günay Quliyeva və Nurlanə Həsənova iştirak ediblər.
Könüllülük layihəsinin əsas məqsədi gənclərin muzey fəaliyyətinə cəlb olunması, onların praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Muzey-Sərgi zalına gələn yerli və xarici ziyarətçilərin Azərbaycan arxeoloji irsi haqqında daha ətraflı məlumatlandırılmasına dəstək göstərməkdir.
Qeyd edək ki, Muzey-Sərgi zalında bələdçilik fəaliyyəti elmi və mədəni irsin ictimaiyyətə çatdırılması, arxeoloji materialların tanıdılması və muzeyin maarifləndirici fəaliyyətinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.