Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tarix elmləri üzrə fəlsəfə doktoru, tanınmış milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyevanın müəllifi olduğu “Ölümün bir addımlığında” kitabının təqdimat mərasimi keçirilib.
Kitab 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı böyük şücaət göstərərək silahlı cinayətkarı əliyalın zərərsizləşdirən təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevə həsr olunub. Əsər Vətənə sədaqətin, şəxsi cəsarətin və ağır məqamda nümayiş etdirilən fədakarlığın təcəssümü olan bir insanın qəhrəmanlıq nümunəsini geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.
Tədbiri giriş sözü ilə açan kitabın müəllifi Dilarə Nağıyeva əsərin ərsəyə gəlməsi, qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti və Vasif Tağıyevin göstərdiyi şücaətin yaddaşlarda yaşadılmasının vacibliyi barədə danışıb.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva Vasif Tağıyevin davranışının yüksək vətəndaşlıq məsuliyyətinin və mənəvi iradənin parlaq nümunəsi olduğunu vurğulayıb. O qeyd edib ki, belə qəhrəmanlıq hadisələrinin elmi və ictimai müstəvidə işıqlandırılması milli yaddaşın qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və gənc nəslin tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq üzrə fəlsəfə doktoru Adil Əliyev çıxışında bildirib ki, Azərbaycanın dövlətçilik tarixi Vətən və xalq qarşısında məsuliyyətini ən çətin məqamlarda əməli ilə sübut edən insanların qəhrəmanlıq nümunələri ilə zəngindir. Onun sözlərinə görə, Vasif Tağıyevin cəsarəti hər bir azərbaycanlı üçün qürur mənbəyidir və bu cür insanların fədakarlığının tanıdılması cəmiyyətin milli-mənəvi dəyərlərinə xidmət edir.
Tanınmış yazıçı Seyran Səxavət çıxışında qəhrəmanlığın yalnız sözlə deyil, həlledici anda atılan addımla ölçüldüyünü diqqətə çatdırıb. O vurğulayıb ki, “Ölümün bir addımlığında” kimi əsərlər insanın iradəsini, qorxuya qalib gəlmək gücünü və Vətən sevgisinin ən ağır sınaqlarda necə təzahür etdiyini göstərməklə ədəbi və mənəvi baxımdan əhəmiyyət daşıyır.
Tədbirdə, həmçinin Avropada Azərbaycanın Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə, Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin anası və Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev, tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynov, qazi Vidadi Əliyev və digər şəxslər çıxış edərək kitabın əhəmiyyətindən, qəhrəmanlıq nümunələrinin təbliğinin vacibliyindən danışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.