Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.10.2026 11:37
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzdə YAP VIII Qurultayına həsr olunmuş iclas keçirilib

Şəki Regional Elmi Mərkəzdə YAP VIII Qurultayına həsr olunmuş iclas keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Şəki rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitqdən irəli gələn məsələlərə həsr olunmuş iclas keçirilib.

İclasda Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının sədri və nümayəndələri, həmçinin Şəki REM-in alimləri və ziyalıları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəki Regional Elmi Mərkəzin direktoru, fil.e.d., dos. Kamil Adışirinov çıxış edərək YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm rolunu qeyd edib. O, Prezident İlham Əliyevin qurultaydakı nitqinin Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət siyasətinin prioritetlərinin bir daha diqqətə çatdırılması və qarşıda duran vəzifələrin aydın şəkildə müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Kamil Adışirinov qeyd edib ki, dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycanın qazandığı uğurların, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinin və milli maraqların qorunmasının əsas istiqamətlərini özündə əks etdirir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin inkişafına, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Mərkəz direktoru, həmçinin elmi müəssisələrin və ziyalıların üzərinə düşən vəzifələrdən danışaraq, dövlətçilik ənənələrinin qorunmasının, milli-mənəvi dəyərlərin təbliğinin, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb. Kamil Adışirinov qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin hər bir sahədə fəaliyyət üçün mühüm istiqamət olduğunu qeyd edib, bu məsələlərin elmi kollektivlər tərəfindən də diqqətdə saxlanılmasının önəmini vurğulayıb.

Qurultayın nümayəndəsi, təqaüdçü təhsil işçisi Elxan Abdullayev çıxış edərək Prezident İlham Əliyevin nitqində ölkənin siyasi, iqtisadi və hərbi göstəricilərinə, ideoloji və fiziki təhlükəsizlik məsələlərinə toxunulduğunu bildirib. O, dövlət başçısının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin və təhsilinin əhəmiyyətini xüsusi vurğuladığını qeyd edərək, bu istiqamətlərdə qarşıya qoyulan vəzifələrin hər kəsin üzərinə mühüm məsuliyyət qoyduğunu diqqətə çatdırıb.

Şəki REM-in elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini Vəfa Atayeva qurultayda səsləndirilən fikirlərin cəmiyyətin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından önəmini qeyd edərək, partiya üzvlərinin ictimai fəallığının artırılmasının, əhali ilə əlaqələrin gücləndirilməsinin və gənclərin ictimai-siyasi proseslərdə iştirakının vacibliyini vurğulayıb.

Daha sonra YAP Şəki rayon təşkilatının ŞREM ərazi təşkilatı sədrinin müavini Yusif Rəhimov çıxış edərək qurultaya hazırlıq prosesindən bəhs edib. O, qurultay zamanı Prezident İlham Əliyevin tribunadakı inamlı duruşunun və səlis nitqinin hər kəs üçün nümunə olduğunu vurğulayıb.

Natiq, həmçinin qurultaydan sonra Şəkidə keçirilmiş müşavirədə qurultayda iştirak etmiş nümayəndələrin hesabatından danışıb. Müşavirədə müzakirələrin aparıldığını, iştirakçıların öz təəssüratlarını bölüşdüklərini və qurultayda qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı tövsiyələrin verildiyini qeyd edib.

İclasda çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitqin məzmunu və əhəmiyyəti barədə danışıb. O, dövlət başçısının təxminən bir saat davam edən, ardıcıl və sistemli şəkildə səsləndirdiyi fikirlərin hər bir dinləyici üçün mühüm mesajlar ehtiva etdiyini bildirib.

Daşqın Mikayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi tarixində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın gələcək uğurlarına və qələbələrinə aparan yolun başlanğıcı olub. O, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndiyini və ölkəmizin dünya  dövlətləri sırasında öz layiqli yerini tutduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi regionun geosiyasi xüsusiyyətləri və qonşu dövlətlərlə münasibətlərin həssaslığı ölkə rəhbərliyinin üzərinə əlavə məsuliyyət qoyur. Belə bir şəraitdə Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət və müxtəlif dövlətlərlə qurulan diplomatik münasibətlər Azərbaycanın milli maraqlarının qorunmasına və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.

Daşqın Mikayılov çıxışında dövlət müstəqilliyinin qorunması, milli maraqların təmin olunması və ölkənin gələcək inkişafı naminə qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini də vurğulayıb. Bildirib ki, qurultayda səsləndirilən fikirlər yalnız ümumi siyasi istiqamətləri deyil, eyni zamanda, hər bir təşkilatın və kollektivin fəaliyyətində nəzərə alınmalı olan mühüm məsələləri əhatə edir.

Sonda məruzəçi qeyd edib ki, Şəki rayonunda da Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər diqqətdə saxlanılacaq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və verilən tövsiyələrin icrası istiqamətində müvafiq addımlar atılacaq.

İclasın sonunda bildirilib ki, Şəki Regional Elmi Mərkəzində də Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn məsələlərin diqqətdə saxlanılması, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və verilən tövsiyələrə əməl olunması istiqamətində müvafiq işlər görüləcək.

İclas mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: