AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Söz mülkünün Xaqanı” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü bu il böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinin keçirildiyini bildirərək, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il yanvarın 28-də imzaladığı sərəncamı xatırladıb. R.Cümşüdlü Şərqşünaslıq İnstitutunun bu yubileyi “Söz mülkünün Xaqanı” mövzusunda elmi konfrans keçirməklə qeyd etdiyini bildirib.
Daha sonra konfransda məruzələrə başlanılıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Xaqani Şirvaninin ərəbcə poetik irsi Azərbaycan ərəbdilli poeziyası kontekstində” mövzusunda məruzə edib. İslamın geniş arealda yayılması ilə İslam xilafətinin tərkibinə daxil olan xalqların mədəniyyətlərinin komleks şəkildə birliyindən yaranan İslam sivilizasiyasının inkişafında Azərbaycan alimlərinin, ədiblərinin, filosoflarının və şairlərinin böyük xidmətlərinin olduğunu deyən R.Cümşüdlü xüsusən ərəbdilli Azərbaycan poeziyasının yaranmasının məhz İslamın müqəddəs dili olan ərəb dilinin ədəbi proseslərə təsirinin meyarı kimi dəyərləndirildiyini vurğulayıb. Xaqani Şirvaninin ərəb dilində 500 yüz beytlik ədəbi irsinin məhz ərəbdilli Azərbaycan poeziyasının kontekstində qiymətləndirilməli olduğunu deyən məruzəçi şairin ərəbdilli yaradıcılığının həm janr, həm də mövzu baxımından zəngin olduğunu, bu şeirlərdə şairin fəlsəfi, nəsihətamiz-əxlaqi fikirlərinin öz əksini tapmasını qeyd edib.
İran filologiyası şöbəsinin kiçik elmi işçisi Gülnar Quliyeva “Xaqaninin bədii lirikasında rənglər” mövzusunda məruz edib. Məruzəçi Əfzələddin Xaqaninin klassik farsdilli poeziyanın görkəmli nümayəndəsi olmaqla yanaşı, Azərbaycan ədəbi mühitinin formalaşmasında da mühüm rol oynadığını bildirib. Zəngin və çoxşaxəli yaradıcılığa malik Xaqaninin “Divan”ının onun şeirlərinin toplandığı qiymətli bir xəzinə olduğunu söyləyən G.Quliyeva şairin geniş xəyal dünyasını qələmə alarkən bir çox poetik ünsürlərdən istifadə etdiyini, bu simvolik sistemdə rənglərin bədii istifadəsinin xüsusi yer tutduğunu qeyd edib. Bildirib ki, divanda rəng bildirən sözlər həm birbaşa həqiqi manalarda, həm də məcazi mənalarda işlənir. Şair eşqi, həsrəti, vüsalı, ayrılığı, kədəri, qəmi, qısaca insana aid olan bütün duyğuları izah edərkən rənglərdən yararlanıb.
Xaqani poeziyasında rəngin sadəcə təsvir elementi olmadığını deyən məruzəçi onun ideya və məna daşıyıcısı, şairin lirikasının ayrılmaz hissəsi olduğunu vurğulayıb, şairin bir-birinə zidd müxtəlif rəngləri həm təsvir, həm də məna baxımından ustalıqla birləşdirdiyini nəzərə çatdırıb.
Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “Xaqani Şirvani - zəmanəsinin ictimai-siyasi mənzərəsini yaradan şair” mövzusunda məruzə edib. Xaqani Şirvaninin yalnız dövrünün fəlsəfi şairi olmadığını deyən X.Ələkbərova, onun zəmanəsinin ictimai-siyasi reallıqlarını inikas etdirən əsərlər müəllifi olduğunu bildirib. Qeyd edib ki Xaqaninin şeirlərini ideya-məzmun baxımından təhlil və təsnif edərkən əsərlərinə xas bu xüsusiyyət də diqqəti cəlb edir. Bu baxımdan Xaqani Şirvaninin əsərləri yaşadığı dövrün reallıqlarını özündə əks etdirən qiymətli tarixi mənbə kimi dəyərləndirilə bilər.
İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru. dosent Vüqar Məmmədov "Klassik Azərbaycan poeziyasında fəlsəfi təfəkkürün şahmat simvolikası vasitəsilə ifadəsi (Xaqani Şirvaninin yaradıcılığı kontekstində)" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri öz fəlsəfi və estetik baxışlarını oxucuya ötürmək üçün qədim intellektual oyun olan şahmatın terminologiyasından, fiqur funksiyalarından və oyun quruculuğu qaydalarından bədii-fəlsəfi vasitə kimi məharətlə istifadə etmişlər. V.Məmmədov Xaqani Şirvaninin yaradıcılığına istinad edərək bildirib ki, şair “Xaqani, sən adi piyadəsən bil, yeddi yol keçməyin heç asan deyil” misraları vasitəsilə şahmat terminologiyasından məcazi mənada bəhrələnib. Bu yanaşma oyun taxtasındakı piyadanın irəliləyiş prosesini insan həyatının mürəkkəb mərhələləri, qarşıya çıxan sınaqlar və məqsədə çatmaq yolundakı maneələrlə dərin poetik paralelizmdə təqdim edir.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.