AMEA Lənkəran Regional Elmi Mərkəzində “YAP-ın VIII Qurultayı: yeni mərhələnin siyasi gündəliyi” adlı elmi seminar keçirilib.
Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanında yerləşən abidəsinin önünə gül dəstələri düzərək müstəqil dövlətimizin banisinə ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi seminarı giriş sözü ilə AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev açıb.
Cəmil Quliyev “Elmi, ideoloji məsələlər: yeni dövrün çağırışları” adlı məruzəsində Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin Azərbaycanın davamlı inkişafına, beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, milli həmrəyliyimiz və qüdrətli ordumuzun şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan cəmiyyətimizin, o cümlədən alim və ziyalılarımızın üzərinə mühüm vəzifələr düşür. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında növbəti mühüm mərhələnin başlanğıcını ifadə edən siyasi hadisə kimi diqqəti cəlb edir. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultayın əhəmiyyəti yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyətinin növbəti hesabat dövrünün yekunlaşdırılması ilə məhdudlaşmır. Bu qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, ölkənin qarşısında yeni imkanların və müasir çağırışların dayandığı bir mərhələdə keçirilməsi baxımından xüsusi siyasi məna daşıyır.
Daha sonra məruzələr dinlənilib.
Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, YAP ərazi partiya təşkilatının sədri, VIII qurultay nümayəndəsi Kamran Kazımov “Yeni Azərbaycan Partiyasının tarixində yeni mərhələ”, YAP veteranı, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin baş redaktoru, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran rayon şöbəsinin sədri, Lənkəran şəhər Ağsaqqallar Şurasının üzvü Əlimərdan Əliyev “Cənab prezidentin YAP-ın VIII qurultayındakı hesabat məruzəsində səslənmiş çağırışlardan irəli gələn vəzifələr”, Qərbi Azərbaycan İcmasının və Yeni Azərbaycan Partiyasının üzvü, Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsinin müdiri Nicat Hüseynov “Milli maraqların və dövlətçilik ənənələrinin qorunması strateji prioritetdir” mövzularında məruzə ediblər.
Məruzəçilər müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər əsasında Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü dövlətçilik strategiyasının dayandığını vurğulayıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər ölkəmizin daha parlaq gələcəyinin təmin olunması, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, milli maraqlarımızın qorunması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, eləcə də regional və qlobal proseslərə təsir imkanlarının artırılması baxımından tarixi əhəmiyyət daşıyır.
Müzakirələr zamanı müasir tələblərə cavab verən cəmiyyətin formalaşmasında elm və təhsilin, o cümlədən gənclərlə işin mühüm rolu da qeyd olunub. Gənc nəslin dövlətçilik dəyərlərinə bağlı ruhda yetişdirilməsinin və onun ictimai proseslərdə fəal iştirakının təmin edilməsinin vacibliyi vurğulanıb.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.