Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu və Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “From artifact to activity: Technological, functional and experimental approaches to Leylatepe macrolithic tools” (“Artefaktdan fəaliyyətə: Leylatəpə makrolitik daş alətlərinin texnoloji, funksional və eksperimental tədqiqi”) mövzusunda elmi seminar keçirilib.
AMEA-nın Əsas binasının Kiçik akt zalında təşkil olunan seminarda ilk olaraq Arxeologiya və Antropologiya İnstitutunun Neolit və Xalkolit dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Xaqani Alməmmədov çıxış edib. O, Azərbaycan Respublikası ərazisində xalkolit (mis-daş) dövrünə aid Leylatəpə mədəniyyəti, eləcə də “Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində Qarabağ ərazisində aparılan arxeoloji qazıntılar haqqında məlumat verib. Çıxışda bölgənin arxeoloji irsinin öyrənilməsi, qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin elmi əhəmiyyəti və Leylatəpə mədəniyyətinin tədqiqində aparılan araşdırmaların rolu diqqətə çatdırılıb.
Daha sonra əslən Polşadan olan Almaniyanın Berlin Azad Universitetinin doktoru Karolina Hruby Leylatəpə mədəniyyətinə aid makrolitik daş alətlərin texnoloji və funksional xüsusiyyətləri, onların hazırlanma və istifadə üsulları haqqında ətraflı məruzə ilə çıxış edib. Məruzədə daş alətlərin funksional təyinatının müəyyənləşdirilməsində eksperimental arxeologiyanın imkanları, alətlərin müxtəlif fəaliyyətlərdə istifadə potensialının yoxlanılması və əldə olunan nəticələrin arxeoloji materialların interpretasiyasında tətbiqi məsələləri diqqət mərkəzində saxlanılıb.
Seminar Leylatəpə mədəniyyətinə aid makrolitik daş alətlərin hazırlanma texnologiyasının, funksional xüsusiyyətlərinin və istifadə məqsədlərinin araşdırılmasına həsr olunub. Məruzələrdə daş alətlərin hazırlanma üsulları, onların forma və texniki xüsusiyyətləri, eləcə də qədim insanların gündəlik təsərrüfat fəaliyyətindəki mümkün rolu elmi baxımdan təhlil edilib.
Seminar çərçivəsində texnoloji, funksional və eksperimental yanaşmaların kompleks şəkildə tətbiqinin Leylatəpə mədəniyyətinin maddi irsinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.