Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.11.2026 16:02
  • A-
  • A
  • A+

Kimya İnstitutunda “Müasir materialşünaslıqda entropiya mühəndisliyi strategiyası” ustad dərsi keçirilib

Kimya İnstitutunda “Müasir materialşünaslıqda entropiya mühəndisliyi strategiyası” ustad dərsi keçirilib

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun təşkilatçılığı ilə kimya elmləri doktoru, professor Məhəmməd Babanlının “Müasir materialşünaslıqda entropiya mühəndisliyi strategiyası” mövzusunda ustad dərsi keçirilib.

Tədbiri açan institutun direktoru professor Əfsun Sucayev ustad dərslərinin elmi bilik və təcrübənin gənc tədqiqatçılara ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.

O bildirib ki, institutda ustad dərslərinin ilk növbədə öz alimlərinin iştirakı ilə təşkil edilməsi məqsədəuyğundur. Bu görüşlərdə elmi fəaliyyəti və tədqiqat nəticələri ilə tanınan alimlərin təcrübəsinin gənc tədqiqatçılarla bölüşdürülməsi nəzərdə tutulur. Direktor gənc alimlərin öz sahələrini dərindən öyrənməsinin və elmi biliklərini genişləndirməsinin vacibliyini vurğulayıb.

Əfsun Sucayev ilk ustad dərsinin professor Məhəmməd Babanlı tərəfindən keçirilməsini onun zəngin elmi təcrübəsi və akademik fəaliyyəti ilə əlaqələndirib.

Daha sonra professor Məhəmməd Babanlı ustad dərslərinin təşkilini müsbət təşəbbüs kimi qiymətləndirib. O, görüşün gənc tədqiqatçılarla elmi biliklərin paylaşılması və aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Professor “Müasir materialşünaslıqda entropiya mühəndisliyi strategiyası” mövzusunda məruzə ilə çıxış edib. O, kimyəvi materialşünaslıqda termodinamik yanaşmaların tətbiqindən və bu sahənin inkişaf istiqamətlərindən danışıb.

Məruzədə materialşünaslıqda termodinamik optimallaşdırmanın uzun müddətdir tətbiq olunduğu qeyd edilib. Müasir dövrdə materialların tərkibinin mürəkkəbləşdirilməsi və idarə olunması ilə bağlı yeni yanaşmaların formalaşdığı, xüsusilə yüksəkentropiyalı funksional materiallara marağın kəskin artdığı vurğulanıb.

Ustad dərsi mövzu ətrafında müzakirələrlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: