Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2026 13:55
  • A-
  • A
  • A+

RSXM-də 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunub

RSXM-də 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunub

Noyabrın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasından sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli öz çıxışında qeyd edib ki, RSXM-nin 23 əməkdaşı Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Baş direktor onların Vətən qarşısında göstərdikləri xidmətlərdən söz açaraq, müharibə iştirakçılarının mərkəzin kollektivində təmsil olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tarixi yazdıqlarını bildirən baş direktor Azərbaycan xalqının birliyi sayəsində Zəfərin qazanıldığını qeyd edib.

Azərbaycan xalqının öz Liderinin, Ali Baş Komandanın ətrafına bir yumruq kimi birləşdiyini qeyd edən professor Qurban Yetirmişli Vətən müharibəsində canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyərək, qazilərimizə öz sağlıqlarına qovuşmağı arzu edib: “Bu günlərdə biz böyük Qələbəmizi, Şanlı Zəfərimizi qeyd edirik. Biz bu Qələbəyə 30 ildən çox yol qət edərək gəldik. Bütün dünyaya göstərdik ki, Qarabağ Azərbaycandır! Bu torpaqların sahibi tarixən də Azərbaycan xalqı olub. Bu gün də Azərbaycan xalqıdır. Əbədi də Azərbaycan xalqı olacaq! Bu Zəfər bayramı Azərbaycan xalqının tarixinə Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan oğullarının sayəsində qızıl hərflərlə yazıldı. Torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizə Tanrıdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirik. Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərimizdə və tariximizdə yaşayacaq”.

RSXM-nin baş direktoru, həmçinin 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün də ölkəmiz və dövlətimiz üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində düşməndən azad olan torpaqlarımızda ilk olaraq əsgərlərimiz qələbə simvolu olaraq bayrağımızı ucaldıblar. Bu gün bayrağımız bütün ərazilərimizdə, şəhər və kəndlərimizdə vüqarla dalğalanır. Ona görə də hər iki bayramın eyni vaxtda qeyd olunması Tanrının və taleyin Azərbaycan xalqına bir töhfəsidir.

Daha sonra mərkəzin müharibə iştirakçılarından olan əməkdaşları - RSXM-nin baş direktorunun İnnovativ layihələr üzrə müavini, siyasi elmlər doktoru Fətəli Abdullayev və Mülki Müdafiə Qərargahının rəisi Azad Rzayev keçdikləri döyüş yolu və müharibə xatirələrini danışıblar.

Sonda RSXM-nin Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfində 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

  • Paylaş: