Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2026 13:58
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “Tariximizin zəfər salnaməsi” adlı tədbir keçirilib

Əlyazmalar İnstitutunda “Tariximizin zəfər salnaməsi” adlı tədbir keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, YAP ərazi təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər günü”nə həsr olunmuş “Tariximizin zəfər salnaməsi” adlı tədbir keçirilib.

Öncə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Alim çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açıb, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini vurğulayıb.

Açılış nitqindən sonra çıxış üçün söz məruzəçilərə verilib.

Tədbirdə Əlyazmalar İnstitutu YAP ərazi partiya təşkilatının sədri, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Zəfərə gedən yol”, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayeva “Böyük qayıdış: Qarabağın ədəbi və mənəvi dirçəlişi” və həmin şöbənin elmi işçisi Lalə Hüseynova “Tarixi mənbələrdən Zəfərə” mövzularında məruzə edib, çıxışlarında mənfur düşmən üzərində əldə olunan qələbənin müzəffər Ali baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ordu və xalq birliyinin nəticəsi olduğunu qeyd ediblər.

Daha sonra institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadənin, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Raqub Kərimovun və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın məruzə ətrafında çıxışları dinlənilib.

Tədbir çərçivəsində institut Kitabxanasının və əməkdaşımız Xanım Şahquliyevanın mövzuya uyğun təqdim etdikləri videoslayd nümayiş olunub.

Sonda iştirakçılar Əlyazmalar İnstitutunun Kitabxanasının 8 Noyabr – Zəfər Günü münasibətilə hazırladığı, Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: