Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Qərib Məmmədovun elmi irsi beynəlxalq nəşrdə
11.11.2026 15:37
  • A-
  • A
  • A+

Akademik Qərib Məmmədovun elmi irsi beynəlxalq nəşrdə

“Eurasian Journal of Soil Science” jurnalında Ağbaba yetirməsi olan görkəmli alimin həyat və elmi fəaliyyətinə həsr olunmuş məqalə dərc edilib

Torpaq insanın ayaq basdığı adi bir sahə deyil. O, bir xalqın tarixidir, ruzisidir, yaddaşıdır, gələcəyidir. Torpağı tanımaq, onun dilini anlamaq, münbitliyini qorumaq və gələcək nəsillərə sağlam şəkildə ötürmək isə böyük elmi bilik, zəhmət və məsuliyyət tələb edir. Azərbaycan torpaqşünaslıq elminin inkişafında xüsusi yeri olan akademik Qərib Şamil oğlu Məmmədovun ömür yolu məhz bu məsuliyyətin parlaq nümunələrindən biridir.

2026-cı ildə nüfuzlu beynəlxalq elmi nəşrlərdən biri olan “Eurasian Journal of Soil Science” jurnalında AMEA-nın vitse-prezidenti, akademik İradə Məmməd qızı  Hüseynovanın müəllifi olduğu “Garib Mammadov and the development of soil science and ecology in Azerbaijan: A biographical tribute” adlı məqalənin dərc edilməsi alimin elmi irsinə verilən beynəlxalq qiymətin ifadəsidir. Məqalənin Scopus bazasında indekslənməsi də bu təqdimatın elmi dövriyyədə yerini göstərir. Bu, sadəcə bir alimin bioqrafiyasının xarici elmi jurnalda işıqlandırılması deyil, Azərbaycan torpaqşünaslıq məktəbinin keçdiyi yolun beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsidir.

Qərib Məmmədov 1947-ci il yanvarın 6-da Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun  Qaranamaz (Yeniyol) kəndində dünyaya gəlib. Bu kəndin, bu torpağın, bu coğrafiyanın yetirməsi olan bir insanın sonralar bütün Azərbaycanın torpaq ehtiyatlarının öyrənilməsinə, qiymətləndirilməsinə və qorunmasına ömrünü həsr etməsi həyatın maraqlı mənzərələrindən biridir. Onun elmi yolunun başlanğıcı da torpağa, təbiətə və coğrafiyaya bağlı olub.

1965-ci ildə Amasiya orta məktəbini bitirən Qərib Məmmədov 1966-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsinə daxil olub. 1970-ci ildə institutu fərqlənmə diplomu ilə başa vuraraq elmi fəaliyyətə başlayıb. İlk tədqiqatları kənd təsərrüfatı torpaqlarının, xüsusilə Mil düzündəki örüş sahələrinin öyrənilməsi ilə bağlı olub. Zaman keçdikcə bu araşdırmalar geniş elmi istiqamətə çevrilib və onun gələcək elmi məktəbinin əsasını qoyub.

1979-cu ildə kənd təsərrüfatı elmləri üzrə namizədlik, 1992-ci ildə isə biologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. Ekologiya sahəsində professor elmi adını alması Azərbaycan elmi mühitində yeni bir istiqamətin möhkəmlənməsinə xidmət edib. Onun tədqiqatları torpağın yalnız fiziki və kimyəvi xüsusiyyətlərini müəyyənləşdirməklə məhdudlaşmayıb. Torpağın ekoloji vəziyyəti, münbitliyi, kənd təsərrüfatında istifadə imkanları, deqradasiyaya uğrama səbəbləri və qorunma yolları kompleks şəkildə araşdırılıb.

Qərib Məmmədovun elmi fəaliyyətində torpaqların bonitirovkası, ekoloji qiymətləndirilməsi, münbitlik modellərinin hazırlanması, torpaq monitorinqi və kartoqrafiyası xüsusi yer tutur. İlk baxışda bu terminlər yalnız mütəxəssislərə aid görünə bilər. Əslində isə onların hər biri ölkənin ərzaq təhlükəsizliyindən tutmuş kənd təsərrüfatının gələcəyinə, torpaq ehtiyatlarının düzgün bölüşdürülməsindən təbii sərvətlərin qorunmasına qədər mühüm məsələləri əhatə edir.

Torpağın bonitirovkası onun keyfiyyət göstəricilərinin elmi əsaslarla müəyyənləşdirilməsi deməkdir. Başqa sözlə, hər torpaq sahəsinin kənd təsərrüfatı üçün imkanlarını, məhsuldarlıq potensialını və məhdudiyyətlərini müəyyən etməkdir. Ekoloji qiymətləndirmə isə torpağın təbii mühitlə əlaqəsini, insan fəaliyyətinin ona təsirini və gələcək istifadəsinin hansı nəticələr doğura biləcəyini üzə çıxarır. Bu istiqamətdə aparılan tədqiqatlar torpağa kortəbii münasibətin qarşısını almaq, ondan elmi əsaslarla istifadə etmək üçün mühüm əhəmiyyət daşıyır.

Alimin fəaliyyəti laboratoriya və elmi kabinetlərlə də məhdudlaşmayıb. O, elmin praktiki idarəçiliklə əlaqələndirilməsinin vacibliyini anlayan mütəxəssislərdəndir. 1996-cı ildə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi, 1997–2001-ci illərdə Dövlət Torpaq Komitəsinə, 2001–2015-ci illərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə rəhbərlik etməsi onun elmi biliklərini dövlət idarəçiliyində tətbiq etmək imkanı yaradıb. Bu dövr Azərbaycanda torpaq münasibətlərinin yenidən qurulduğu, torpaq islahatlarının həyata keçirildiyi mühüm mərhələ idi. Torpaq bölgüsü, kadastr uçotu, geodeziya və xəritəçəkmə işləri yalnız inzibati qərarlarla deyil, elmi yanaşma ilə dəstəklənməli idi.

Qərib Məmmədovun fəaliyyətində bu iki istiqamətin – elmlə idarəçiliyin birləşməsi diqqətəlayiq məqamdır. Çünki torpaq islahatı yalnız mülkiyyət münasibətlərinin dəyişdirilməsi deyil, həm də ölkənin torpaq ehtiyatlarının düzgün qiymətləndirilməsi, uçotunun aparılması və uzunmüddətli istifadəsinin planlaşdırılması deməkdir.

Onun təşəbbüsü və iştirakı ilə torpaqşünaslıq və ekologiya sahəsində elmi-tədris istiqamətlərinin inkişafı da diqqət mərkəzində olub. 2004-cü ildən Bakı Dövlət Universitetində Torpaqşünaslıq kafedrasına rəhbərlik etməsi, elmi tədqiqatların ali təhsillə əlaqələndirilməsi, yeni mütəxəssislərin yetişdirilməsi bu fəaliyyətin mühüm hissəsidir. Milli torpaq və ekoloji atlasların hazırlanmasında iştirakı isə Azərbaycan təbiətinin, torpaq örtüyünün və təbii ehtiyatlarının sistemli şəkildə öyrənilməsinə töhfə verib.

2026-cı ildə dərc olunmuş beynəlxalq məqalənin diqqət çəkən cəhətlərindən biri məhz bu geniş elmi irsə bütöv yanaşmasıdır. Müəllif Qərib Məmmədovun xidmətlərini yalnız elmi əsərlərin və xəritələrin sayı ilə ölçmür. Onun yaratdığı elmi məktəb, formalaşdırdığı peşəkar əlaqələr, yetişdirdiyi tədqiqatçılar və qurulmasında iştirak etdiyi elmi institutlar da bu irsin ayrılmaz hissəsi kimi təqdim olunur. Çünki həqiqi alim yalnız özü araşdırma aparan insan deyil, özündən sonra araşdırma aparacaq nəsilləri yetişdirən, elmin davamlılığını təmin edən şəxsiyyətdir.

Bu məqalənin beynəlxalq elmi jurnalda işıq üzü görməsi həm də Qərib Məmmədovun haradan başladığını xatırlamaq üçün bir fürsətdir. Ağbabanın Yeniyol kəndindən çıxan bir gəncin Azərbaycan elminin nüfuzlu simalarından birinə çevrilməsi, doğma yurdun hüdudlarını aşaraq beynəlxalq elmi mühitdə tanınması xüsusi diqqətə layiqdir. Onun həyat yolu göstərir ki, insanın böyüklüyü yalnız tutduğu vəzifə ilə deyil, mənsub olduğu elmə, xalqa və ölkəyə verdiyi töhfə ilə ölçülür.

Bu gün torpaq bütün bəşəriyyət üçün strateji sərvətdir. İqlim dəyişmələri, eroziya, şoranlaşma, səhralaşma və münbitliyin azalması dünyanın qarşısında ciddi problemlər yaradır. Azərbaycan da bu çağırışlardan kənarda deyil. Belə bir dövrdə torpaq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi, qorunması və səmərəli idarə olunması daha böyük əhəmiyyət qazanır. Qərib Məmmədovun yarım əsrdən artıq davam edən elmi fəaliyyəti də məhz bu zərurətə xidmət edir.

Ağbaba torpağında başlayan ömür yolunun Azərbaycan elminin beynəlxalq miqyasda təqdim edilən səhifələrinə çevrilməsi qürurverici mənzərədir. İnsan bəzən doğulduğu torpaqdan uzaq düşə bilər, amma o torpağın yaddaşını, adını və mənəvi izini özü ilə daşıyır. Qərib Məmmədovun elmi tərcümeyi-halında da bu başlanğıcın özünəməxsus yeri var. Onun adı Azərbaycan torpaqşünaslıq elminin tarixinə yazıldığı kimi, doğulduğu Ağbaba mahalının yetirdiyi görkəmli şəxsiyyətlər sırasında da xüsusi ehtiramla çəkilməyə layiqdir.

deportasiya.az

  • Paylaş: