Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yeni qurğu astma xəstələrinin qeydinə qalacaq
06.06.2016 16:42
  • A-
  • A
  • A+

Yeni qurğu astma xəstələrinin qeydinə qalacaq

Amerikalı alimlər astma xəstəliyindən əziyyət çəkən pasiyentlərin vəziyyətinin monitorinqi üçün daşınan qurğu hazırlayıb.

Reli Şimali Karolina Dövlət Universiteti və Çapel-Hill Şimali Karolina Universitetinin əməkdaşları tərəfindən hazırlanmış cihaz biləyə taxılan sensor, döş qəfəs nahiyəsinə quraşdırılmış sensor və cib spirometrindən (tənəffüsün tezliyi və ritmini ölçən qurğu) ibarətdir.

eurekalert.org” saytı xəbər verir ki, biləyə taxılan ötürücü havada təhlükəli maddələrin (ozon və uçucu üzvi birləşmələr) səviyyəsini, həmçinin nəbz, temperatur, rütubət və qanda oksigenin miqdarını müəyyənləşdirir. Döş qəfəs nahiyəsinə quraşdırılmış ötürücü ürək sıxılmalarının tezliyini (elektrokardioqrafiya və fotopletizmoqrafiya), tənəffüs tezliyini (fotopletizmoqrafiya) qeydə alır. Spirometrin köməyi ilə nəfəs verilən hava axınının xüsusiyyətləri ölçülür.

Bütün ötürücülər multimodal sensor platforması ilə inteqrasiya edilib. Sonuncu tərəfindən qeydə alınmış məlumatlar “Bluetooth” texnologiyası ilə kompüter və ya smartfon üçün xüsusi proqrama, sonra ayrılmış serverdə işləyən “bulud” saxlancına göndərilir. Bu informasiya həkim və xəstələrə diaqnozu dəqiqləşdirməkdə və astma xəstəliyinin müalicəsində səmərəli üsul seçməyə kömək edəcək. Bundan əlavə, biləyə taxılan ötürücü astma xəstəsini havanın təhlükəli çirklənməsi barədə xəbərdarlıq edə bilər.

Qurğunun istehsalçısı Alper Bozkurqun sözlərinə görə, “HET (“Health and Environmental Tracker”)” adlı cihazın kommersiya versiyası 4-5 il ərzində hazır olacaq.

  • Paylaş: